“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqləndi

26 Yanvar 2026 17:20

Azərbaycan Respublikasında dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində yeni mərhələ başlanır. Prezident İlham Əliyevin 2026-cı il 26 yanvar tarixli Fərmanı ilə "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin (RDMİS) Əsasnaməsi təsdiq edilib.

Milli.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu sənəd sistemin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən etməklə dövlət maliyyəsinin daha səmərəli, şəffaf və çevik idarə olunmasını təmin etmək, maliyyə proseslərində rəqəmsal texnologiyaların tətbiqini genişləndirmək məqsədi daşıyır. Yeni informasiya sistemi dövlət maliyyəsinin planlaşdırılması, icrası, nəzarəti və təhlili sahələrində vahid rəqəmsal mühitin formalaşdırılmasını hədəfləyir.

RDMİS-nin sahibi və operatoru Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir. Sistem müxtəlif istiqamətlərdə rəqəmsal idarəetməni təmin edən 13 əsas altsistemdən ibarətdir. "Büdcə məlumatlarını idarəetmə", "Dövlət maliyyə nəzarəti", "Dövlət proqramlarının və investisiya xərclərinin maliyyələşdirilməsi", "Dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi", "Dövlət müəssisələrinin rəqəmsal monitorinqi", "e-azadolma", "e-müqavilə", "e-muhasibat", "e-rüsum", "e-mədaxil", "Elektron ciddi hesabat blankları", "Xəzinədarlığın rəqəmsal idarə edilməsi" və "İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi" bu altsistemlərə daxildir.

Əsasnaməyə görə tam inteqrasiya olunmuş vahid ekosistem kimi formalaşdırılan "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi dövlət və icmal büdcələrin gəlir və xərclərinin idarə edilməsini, dövlət vəsaitlərinin məqsədli və səmərəli xərclənməsinə nəzarəti, dövlət borcu və maliyyə öhdəliklərinin monitorinqini, dövlət investisiya layihələrinin qiymətləndirilməsini və maliyyələşdirilməsini, dövlət büdcəsinin kassa icrasını və dövlət vəsaitlərinin mərkəzləşdirilmiş idarə olunmasını, mühasibat uçotu, həmçinin dövlət rüsumları, inzibati cərimələr, elektron müqavilələr, elektron mühasibat uçotu və digər mühüm istiqamətləri əhatə etməklə maliyyə əməliyyatları üzrə məlumatların real vaxt rejimində toplanmasını və təhlilini təmin edəcək.

Yeni sistem dövlət qurumları, hüquqi və fiziki şəxslər üçün elektron kabinetlər vasitəsilə əlçatan olacaq, maliyyə məlumatlarının dəqiqliyini və etibarlılığını artıracaq, qərar qəbuletmə prosesində analitik imkanları genişləndirəcək.

Fərmanın icrası ilə bağlı Maliyyə Nazirliyinə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müvafiq tapşırıqlar verilib. Bu tapşırıqlar çərçivəsində sistemin formalaşdırılması, təhlükəsizliyinin təmin edilməsi, dövlət informasiya sistemləri ilə inteqrasiyası və təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görüləcək.

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi dövlət maliyyə idarəçiliyində şəffaflığın və səmərəliliyin artırılmasına və rəqəmsal hökumət prinsiplərinin daha geniş tətbiqinə mühüm töhfə verəcək.

Milli.Az