Kişilərdə 30 yaşına çatmadan saçları niyə tökülür?

26 Yanvar 2026 22:54

Son illər kişilər arasında saç tökülməsinin daha erkən yaşlarda müşahidə olunması geniş müzakirələrə səbəb olub. Mütəxəssislər bu problemin yaranmasında bir neçə əsas amilin rol oynadığını bildirirlər.

Milli.Az xəbər verir ki, dermatoloqların sözlərinə görə, kişilərdə saç tökülməsinin ən əsas səbəbi genetik faktorlardır. Ailədə erkən yaşlarda saç tökülməsi müşahidə olunubsa, bu risk növbəti nəsildə də yüksək olur. Xüsusilə androgenetik alopesiya adlanan bu tip saç tökülməsi hormonlarla birbaşa əlaqəlidir.

Mütəxəssislər qeyd edirlər ki, stress və gərgin həyat tərzi də saç tökülməsini sürətləndirən əsas səbəblər sırasındadır. Uzunmüddətli stress saç köklərinin zəifləməsinə və tökülmənin artmasına səbəb olur.

Bununla yanaşı, düzgün qidalanmama, vitamin və mineral çatışmazlığı, xüsusilə də dəmir, sink və B qrupu vitaminlərinin azlığı saç sağlamlığına mənfi təsir göstərir. Həmçinin, siqaret və spirtli içkilərdən istifadə, yuxusuzluq və hormonal pozuntular da saç tökülməsini gücləndirən amillər arasında yer alır.

Həkimlər xəbərdarlıq edirlər ki, saç tökülməsi normadan artıq olduqda və ya qəfil başladıqda mütləq mütəxəssisə müraciət edilməlidir. Erkən diaqnoz və düzgün müalicə ilə saç tökülməsinin qarşısını almaq və prosesi yavaşlatmaq mümkündür.

Asya
Milli.Az