İnsan fəaliyyətinin neqativ nəticələrinə cəmiyyətin emosional, dövlətin isə hüquqi reaksiyası labüd və qaçılmazdır. Yalnız hadisələrin doğru və peşəkar təhlili ədalətin bərqərar olmasını təmin edir. Bu isə başadüşülən ilkin emosional dərketmədən sonra soyuqqanlı peşəkar qiymətləndirməni tələb edir.
Hüquq sahəsi söz, ifadə, termin dəqiqliyi üzərində qurulmuş bir sahədir. Buna görə hüquqşünasların fəaliyyətində istifadə edilən biri birinə oxşar müxtəlif ifadələrin, və ya bir terminin müxtəlif izahlarının olması bəzən rezonansla qəbul edilir, yanlış təsəvvürlər və çaşqınlıq yaradır.
Cinayət hüquq sahəsində isə terminoloji qeyri-dəqiqliyinin insan taleyini həll edə biləcək qədər rolu var. Bu sahədə aktiv müzakirələrə səbəb olan özündə fərqli məqsədlər daşıyan hüquqi anlayışlardan biri də həbsidir.
Həbsin mahiyyəti azadlığın məhdudlaşdırılmasından ibarət olmaqla başlanmış araşdırmanın müxtəlif mərhələrində qəbul edilə bilər. Bu zaman qəbul edildiyi mərhələdən asılı olaraq belə qərarın qəbul edilməsi əsasları, məqsədləri, müddətləri, dəyişdirilməsi imkanları fərqlənir.
Hər bir halda həbs qərarı yalnız məhkəmə tərəfəndən qəbul edilir, bu isə tədbirin insanın azadlığının məhdudlaşdırılması ilə bağlı olmasıdır.
Baş vermiş hadisəyə hüquqi reaksiya müvafiq qaydada onu qeydə alınmasından və qanun çərçivəsində ardıcıl qərarların qəbul edilməsindən ibarətdir. Vacib olan məsələ isə hadisəni törətmiş və ya törədilməsinə səbəb olmuş şəxsin müəyyən edilməsidir. Belə şəxs müəyyən olunduğu təqdirdə onun törədilən hadisəyə və aparılan araşdırmaya münasibətini, araşdırmaya təsir etmək və ya daha ciddi təhlükə törətmək, qaçıb-qizlənmək, sübutları məhv etmək və sair qanunsuz hərəkətlər etmək imkanlarını nəzərə alaraq həmin şəxs nəzarət altına götürülməsi məqsədi ilə fəaliyyətinin müəyyən müddətə müvvəqqəti məhdudlaşdırılması üçün həbs edilir.
Bu zaman nəzərə almaq lazımdır ki, müvvəqqəti olaraq cəmiyyətdən kənarlaşdırma tədbiri kimi həbs cəzə məqsədini daşımır.
Şəxs barəsində araşdırma yekunlaşdıqdan sonra hadisəni onun törətməsinə dair sübutlarla iş məhkəməyə verilib, həmin sübutların mötəbər, qanuni, əsaslı olması araşdırılaraq şəxsin təqsirin dərəcəsindən asılı olaraq ona cəza təyin edilir. Təyin edilmiş cəza azadlıqdan məhrum edilməsi barədə olduqda həbs edilməklə cəmiyyətdən kənarlaşdırılmış şəxs bu dəfə çıxarılmış hökmün icra edilməsi üçün həbs edilir.
Bu zaman həbs edilmənin məqsədi cəzanı icra etmək məqsədini daşıyır və artıq şəxsi cəmiyyətdən kənarlaşdırmaq deyil, cəmiyyətdən təcrid etmək üçün seçilir.
Beləliklə, həbs tədbiri ibtidai istintaq və məhkəmə araşdırması mərhələsində məhkəmə tərəfindən qəbul edilir.
Qəbul edilmə mərhələsinə görə məqsədi- şəxsi ibtidai araşdırma mərhələsində-cəmiyyətdən müvvəqqəti kənarlaşdırmaq, məhkəmə mərhələsində isə məhkəmənin təyin etdiyi cəzanın icrasını təmin etmək, cəmiyyətdən təcrid etməkdir.
Qeyd olunmalıdır ki, həbsin qəbul edilmə mərhələləri və məqsədləri arasında fərqlərin olması ibtidai araşdırma zamanı qəbul edilmiş həbslə məhkəmə araşdırılmasının yekununda cəzanın icrası üçün qəbul edilmiş həbsin arasında heç bir əlaqə mövcud deyil.
Yəni ibtidai araşdırma mərhələsində şəxsin həbs edilməməsi məhkəmə araşdırması nəticəsində təqsiri sübuta yetirilməklə barəsində azadlıqdan məhrum edilmə cəzası təyin edilmiş şəxsin həbs edilməyəcəyinə səbəb ola bilməz.
Milli.Az