Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Kamal Qasımov küçəsində yolun vəziyyəti uzun müddətdir ki, sakinlərin narazılığına səbəb olur.
Milli.Az-ın yaydığı videogörüntülərdə küçənin yararsız durumda olduğu, nəqliyyatın və piyadaların hərəkətində ciddi çətinliklər yarandığı əks olunub. Sakinlər bildirirlər ki, problem dəfələrlə aidiyyəti qurumlara çatdırılsa da, hələlik əsaslı həll tapılmayıb. Onların sözlərinə görə, bir müddət əvvəl bələdiyyə tərəfindən yolun müəyyən hissəsi təmir edilsə də, yağışlı havalardan sonra çala-çuxurlar yenidən əmələ gəlib və avtomobillərə zərər vurur.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti bildirib ki, rayon ərazisində təmirə ehtiyacı olan yollarla bağlı vətəndaş müraciətləri əsasında Avtomobil Yolları Dövlət Agentliyinə rəsmi məktublar göndərilib.
Qurumdan verilən məlumata görə, asfaltlama işlərinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Asya
Milli.Az