Yarpaq dolasının ən ləzzətli hallarından biri sumaqla hazırlanan versiyadır. Sumaq dolmaya həm fərqli bir rəng, həm də iştahaaçan bir dad qatır.
Milli.Az dağılmayan, pambıq kimi yumşaq sumaq turşulu dolma reseptini təqdim edir:
Lazım olan ərzaqlar:
500 qram təzə və ya şoraba üzüm yarpağı
2 stəkan düyü (yuyulmuş)
2 ədəd böyük baş soğan (incə doğranmış)
1 xörək qaşığı pomidor tomatı
1 xörək qaşığı bibər tomatı
1 stəkan zeytun yağı
2 xörək qaşığı dənə sumaq (və ya 1 xörək qaşığı toz sumaq)
Bir dəstə təzə nanə və cəfəri
Ədviyyatlar: Duz, qara istiot, pul bibər, quru nanə.
Hazırlanma qaydası:
Əgər dənə sumaq istifadə edirsinizsə, bir qabda üzərinə 1 stəkan qaynar su əlavə edib gözlədin. Sumaq rəngini və turşuluğunu suya verdikdən sonra süzün. Bu su dolmaların bişirilməsində istifadə olunacaq.
Tavada zeytun yağının yarısını qızdırın və soğanları yumşalana qədər qovurun. Tomatları əlavə edib qovurmağa davam edin. Düyüləri, ədviyyatları və incə doğranmış göyərtiləri əlavə edib qarışdırın. Üzərinə yarım stəkan su töküb düyülər suyu çəkənə qədər azca bişirin (düyülər tam bişməməlidir).
Yarpaqların damarlı hissəsi içəridə qalacaq şəkildə açın. Orta hissəsinə hazırladığınız içlikdən qoyub incə-incə bükün.
Qazanın dibinə yarpaq saplaqlarını və ya bir neçə yarpaq düzün (dibi tutmasın deyə). Dolmaları nizamla qazana yığın. Qalan zeytun yağını və hazırladığınız sumaq suyunu üzərinə gəzdirin. Dolmaların üzərinə bir boşqab çevirib qoyun ki, bişərkən açılmasınlar. Vam odda düyülər və yarpaqlar yumşalana qədər bişirin.
İncə və damarsız yarpaqlar hər zaman daha tez və yaxşı bişir.
Sumaq suyu dolmaya həm parlaqlıq verir, həm də həzmi asanlaşdırır.
Dolmalar bişdikdən sonra qazanın qapağını açmadan otaq temperaturunda soyumasını gözləyin. Bu, yarpaqların qaralmasının qarşısını alacaq.
Lalə Qüdrətova
Milli.Az