Suxarını bir kənara qoyun - duzlu çubuq krakerli xırtıldayan toyuq resepti

30 Yanvar 2026 23:00

Adətən toyuq panesi üçün istifadə edilən suxari bəzən istənilən xırtıltını verməyə bilər. Bu reseptdə isə gizli inqrediyent hər kəsin sevdiyi duzlu çubuq krakerlərdir. Bu üsulla hazırlanan toyuqlar həm daha dadlı, həm də qat-qat daha xırtıldayan olur.

Milli.Az lazım olan ərzaqları təqdim edir:
500 qram toyuq filesi (uzunsov və ya kub şəklində doğranmış)

1 paket duzlu çubuq kraker

2 ədəd yumurta

1 stəkan un

Yarım çay qaşığı qara istiot, bir az duz (kraker duzlu olduğu üçün ehtiyatlı olun)

Qızartmaq üçün duru yağ

Hazırlanma qaydası:
Bir paket duzlu çubuq krakeri mətbəxt robotundan keçirin və ya bir torbaya qoyub əzərək xırda qırıntı halına gətirin. Çox toz halına salmayın, kiçik parçalar qalması daha yaxşı xırtıltı verəcək.

Pane hazırlığı: Üç ayrı qab hazırlayın:

Birinci qab: Un, duz və istiot qarışığı.

İkinci qab: Çırpılmış yumurtalar.

Üçüncü qab: Əzilmiş çubuq krakerlər.

Doğranmış toyuq hissələrini ardıcıllıqla əvvəlcə una, sonra yumurtaya, ən sonda isə hər tərəfi örtüləcək şəkildə kraker qırıntılarına batırın.

Tavada yağı yaxşıca qızdırın. Hazırladığınız toyuqları hər iki tərəfi qızıl rəng alana qədər qızardın. Krakerlər tez rəng aldığı üçün ocağı çox yüksək saxlamamağa diqqət edin.

Çubuq krakerlərin tərkibindəki bişmiş xəmir quruluşu yağda qızararkən suxaridən daha dayanıqlı bir təbəqə yaradır. Bu da toyuğun daxilinin şirəli, xaricinin isə "ekstra xırtıldayan" olmasını təmin edir.

Lalə Qüdrətova
Milli.Az