Mars bir zamanlar “Mavi Planet” idi: Qədim okeanın sübutu tapıldı

27 Yanvar 2026 08:19

Bern Universitetinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu, Mars orbitindəki kosmik gəmilərdən əldə edilən yüksək keyfiyyətli görüntülər sayəsində "Qırmızı Planet"in keçmişi ilə bağlı maraqlıvkəşfə imza atıb. Tapıntılar göstərir ki, Mars təxminən 3 milyard il əvvəl eynilə Yer kürəsi kimi su ilə örtülü "mavi bir planet" olub.

Milli.Az xəbər verir ki, tədqiqatçılar Marsın ən böyük kanyon sistemi olan Valles Marineris bölgəsində, Yerdəki klassik çay deltalarına son dərəcə bənzəyən geomorfoloji strukturlar aşkar ediblər. Bu strukturlar qədim dövrlərdə çayların daşıdığı çöküntülərin nəhəng bir okeana töküldüyünün ən konkret sübutu hesab olunur.

Araşdırma Valles Marineris kanyonunun bir hissəsi olan Coprates Chasma-nın cənub-şərq hissəsində cəmləşib. Bölgədəki yüksək keyfiyyətli görüntülər suyun bir vaxtlar bu kanyonlardan axaraq geniş hövzələrə töküldüyünü göstərən laylı çöküntü qatlarını üzə çıxarıb.

Kəşf Avropa Kosmik Agentliyinin (ESA) ExoMars Trace Gas Orbiter zondunda yerləşən və Bern şəhərində hazırlanan CaSSIS (Rəngli və Stereo Səth Görüntüləmə Sistemi) kamerasının məlumatları sayəsində mümkün olub.

Tədqiqatın rəhbəri İgnatius Argadestya bildirib ki, aşkar edilən strukturlar Marsın keçmişdə rütubətli, atmosferi olan və potensial olaraq həyat üçün əlverişli bir mühitə malik olduğunu sübut edir. Təxminən 3 milyard il əvvəl baş verdiyi düşünülən bu proses, Marsın bugünkü quraq halından çox fərqli bir ekosistemə malik olduğunu göstərir.

Lalə Qüdrətova
Milli.Az