Nani 39 yaşında futbola qayıtdı: Fantastik məbləğ qarşılığında

25 Yanvar 2026 20:20

"Mançester Yunayted"in və Portuqaliya millisinin keçmiş ulduzu Nani karyerasını bitirmək qərarından daşınaraq Qazaxıstanın "Aktobe" klubu ilə müqavilə imzalayıb.

Milli.Az xəbər verir ki, 39 yaşlı vinger 2024-cü ilin dekabrında futbolla vidalaşdığını elan etmişdi. Onun son rəsmi matçı Portuqaliya çempionatında "Estrela da Amadora" forması ilə "Sportinq"ə qarşı olub. Təxminən bir illik fasilədən sonra Nani yenidən peşəkar futbola qayıtmaq qərarı verib.

Futbolçunun ayda təxminən 70 min dollar (119 min AZN) alacağı bildirilir ki, bu da Qazaxıstan Premyer Liqası tarixində bir futbolçuya ödənilən ən yüksək məvacibdir. Tərəflər 2026-cı ilin sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

"Aktobe" klubu ilə bir mövsümlük müqavilə imzalayan Naninin rolu yalnız meydançada oynamaqla məhdudlaşmayacaq. Müqaviləyə klubun inkişaf layihəsində iştirak da daxildir.

Klub rəhbərliyi Nanini beynəlxalq nüfuzlu bir sima kimi görür və onun həm "Aktobe"nin, həm də bütövlükdə Qazaxıstan futbolunun dünyada tanıdılmasına töhfə verəcəyinə inanır.

Futbolçu transferi ilə bağlı belə deyib: "FK Aktobe-yə qoşulduğum üçün çox xoşbəxtəm. Klubun və Qazaxıstan futbolunun inkişafına töhfə verməyi səbirsizliklə gözləyirəm."

Nani 2007-ci ildə 21 milyon funt-sterlinqə transfer olunduğu klubda 230 oyuna çıxıb, 41 qol vurub. Burada 4 Premyer Liqa çempionluğu və Çempionlar Liqası kubokunu qazanıb.

Portuqaliya millisi ilə 112 oyunda 24 qol vurub və Avro-2016-nın qalibi olub.

Karyerası ərzində "Fənərbaxça", "Valensiya", "Latsio", "Orlando Siti", "Venesia", "Melburn Viktori" və "Adana Dəmirspor" kimi klublarda çıxış edib.

Lalə Qüdrətova
Milli.Az