Şagird sayı az olan məktəblər bağlanır? - Yeni pilot layihə

25 Yanvar 2026 00:51

Uşaq sayı az olan ucqar kənd məktəblərinin bağlanması, şagirdlərinin onlayn təhsilə cəlb edilməsi ilə bağlı çoxdan səslənən fikirlər reallığa çevrilməyə yaxındır. Elm və təhsil naziri Emin Əmrullayevin bu yaxınlarda bununla bağlı verdiyi açıqlama keçidin başlanğıcına doğru addım sayıla bilər: "Bizim elə bölgələrimiz var ki, orada adambaşına bir şagird üzrə düşən xərc Bakının mərkəzindəki özəl məktəblərin təhsil haqqından daha yuxarıdır. Belə kənd məktəblərinin sayı 10 deyil, yüzlərlədir". Nazir kiçik məktəblərdə ciddi keyfiyyət probleminin mövcudluğunu, orada işləyən heyətin sayının şagirdlərin sayından iki dəfə çox olduğunu da vurğulayıb. Onun sözlərinə görə, növbəti sentyabr ayından şagird sayı az olan məktəblərdə distant təhsilə keçilməsi planlaşdırılır və bu, pilot layihə kimi həyata keçiriləcək.

Milli.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Ancaq bu keçid təbii ki, çox ağrılı ola bilər. Bu model uşaqların sosiallaşmasını əngəlləməyəcəkmi? Bağlanacaq məktəblərdə təhsil alan bütün uşaqların texnoloji alətlərə çıxışları əlçatan olacaqmı? Bu keçid valideynlərin övladlarının təhsili naminə kənddən şəhərə yeni köçünə rəvac verməyəcəkmi?

Mövzu ilə bağlı təhsil sahəsində çalışanların fikirləri də birmənalı deyil.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təlim-tədris mərkəzinin müdiri Xalidə Həmidovanın sözlərinə görə, həqiqətən ucqar yerlərdə bir və ya iki şagirdin oxuduğu məktəblər var: "Ailələrin şəhərə köç etməsi, kəndlərdə uşaqların az olması bu məsələdə rol oynayır. Belə məktəbin saxlanması da maliyyə baxımından çətin məsələdir. Yəqin ki, nazirlik alternativ modellər fikirləşir. Məsələn, qonşu Gürcüstanda avtobus ucqar kəndlərdən uşaqları yığıb bir məktəbə gətirir, sonra da aparıb valideynlərinə təhvil verir". X.Həmidova bildirir ki, onlayn təhsilə keçilməsi ilə bağlı qanunvericilikdə də dəyişiklik edilməlidir: "Hələ ki, bizdə onlayn təhsil forması yoxdur. Bu, qanunvericilikdə təsbit olunmalıdır. Kənd yerlərində texnoloji avadanlıqlar əlçatan deyil, internetlə bağlı da problemlər var. Biz bunu pandemiya dövründə müşahidə etdik".

"O uşaqlar sosiallaşmaqda çətinlik çəkəcəklər"

Xaçmaz rayon Çarxı kənd tam orta ümumtəhsil məktəbinin alman dili müəllimi Tavat İsgəndərova hesab edir ki, ucqar və şagird sayı az olan məktəblərdə onlayn tədrisə keçilməsi, qismən də olsa, müəllim çatışmazlığının qarşısını almış olacaq: "Uşaqlar daha keyfiyyətli tədris görməklə yanaşı, həm də ucqar kəndlərdə təmirsiz məktəblərdə oturmaq məcburiyyətində qalmayacaqlar. Eyni zamanda, fənlərin davamlılığı təmin olunar və şagirdlər bütün fənlərdən ixtisaslaşmış müəllimlərdən dərs almış olarlar". Amma müsahibimiz təklif olunan modelin mənfi tərəfinin olacağını da istisna etmir: "O uşaqlar sosiallaşmaqda və yeni dostlar qazanmaqda çətinlik çəkəcəklər. Pilot layihə kimi tətbiq olunması isə mümkün çətinlikləri öncədən müəyyənləşdirmək baxımından çox yaxşıdır".

"Yolda 2-3 saat vaxt itirməkdənsə..."

"Sinif otağında, əyani şəkildə olan dərslərin yerini heç bir şey verə bilməz", - deyən Astara rayonu Deqədi kənd ümumi orta məktəbin informatika müəllimi Nemət Tarverdiyevin məsələyə münasibəti də birmənalı deyil. Onun sözlərinə görə, ucqar yerlərdə uşaqların məktəbə gəlməsi üçün bəzən 2-3 saat vaxt lazım olur: "Bəlkə də o vaxtı itirməkdənsə, onlayn dərs daha yaxşıdır. Bu gün ölkədə internet məsələsi demək olar ki, həll olunub. Amma uşaqlar kompüter, notbukla təmin olunmalıdırlar ki, bu dərslərə qoşula bilsinlər. Onsuz da biz əyani dərsləri keçəndə də bir çox materialların axtarışını, tapşırıqları şagirdlərə internet üzərindən veririk". Müəllim hesab edir ki, bu ideyanın uğur qazanmasında valideyn məsuliyyəti əsas olacaq: "Uşaq evdə onlayn oxuyanda valideynin üzərinə daha çox məsuliyyət düşəcək. Yaxşı olar ki, belə layihələrin nəzərdə tutulduğu kəndlərdə qabaqcadan valideynlərə də təlimlər keçirilsin. Valideynlər uşaqlara istiqamət verməklə yanaşı, onlara nəzarəti gücləndirməlidirlər".

Fransız dili müəllimi Gülnar Əliyevanın fikrincə, onlayn dərslərin müsbət və mənfi tərəfləri var: "Artıq bütün evlərdə internet mövcuddur, texnoloji avadanlığa əlçatanlıq var. Onlayn dərslər bəzən əyani dərslərdən daha yaxşı effekt verir. Uşaqlar məktəbdə daha çox nadincdir, dərsi pozmağa meyillidirlər. Onlayn dərsdə bu, mümkün deyil. Sadəcə, uşaqların sosiallaşması bir az çətin ola bilər".

"Bəs bağlanacaq məktəblərin müəllimləri neyləyəcəklər?"

ABŞ-də çalışan təhsil üzrə ekspert Qoşqar Məhərrəmovun fikrincə, şagird sayı çox az olan uzaq kənd məktəblərinin distant təhsilə keçməsi maddi resursların rentabelli istifadəsi baxımından məntiqli görünür: "Ancaq burada təhsilin keyfiyyətinə də diqqət edilməlidir. Həmin yerlərdə uşaqlara keyfiyyətli təhsil, sürətli internet, lazımi avadanlıq təklif edə biləcəyikmi?" Ekspertin fikrincə, ucqarlarda yaşayan uşaqlara dərs keçmək üçün müxtəlif modellər mövcuddur ki, onlardan biri onlayn, digəri daşımalı təhsildir: "Onlayn təhsil bəlkə də məktəbin savad vermək funksiyasını yerinə yetirə bilər, bütün funksiyalarını icra etməsi isə mümkünsüzdür. İnternetin sürəti normal olsa, şagirdləri kompüterlə təmin edə bilsək, müəllimlər dərsləri onlayn formada keçə bilərlər. Amma biz o uşaqlara sosial mühit verə, dost mühiti təmin edə bilmərik. Bəs bağlanacaq məktəblərin müəllimləri neyləyəcəklər? Mənə elə gəlir ki, bizim o kəndlərə onlayn təhsildənsə, daşımalı təhsili aparmağımız daha düzgün olar". Q.Məhərrəmov ucqar kəndlərdəki şagirdləri yaxın kəndlərə daşıyıb, ən azı 9-cu sinfə qədər icbari təhsillə təmin etməyin tərəfdarıdır.

Milli.Az