ABŞ Prezidenti Donald Tramp Qrenlandiya üzərində nəzarəti ələ keçirmək planları ilə bağlı təzyiqlərini davam etdirərkən, bu dəfə hədəfə qonşu Kanadanı alıb. Tramp Kanada Baş naziri Mark Karni tərəfindən Çinlə imzalanan yeni strateji tərəfdaşlıq sazişinə sərt reaksiya verərək, Kanadadan idxal edilən bütün mallara 100% gömrük vergisi tətbiq edəcəyi ilə hədələyib.
Milli.Az xəbər verir ki, Tramp "Truth Social" hesabından paylaşdığı mesajda Kanada Baş naziri Mark Karniyə ironiya ilə "Vali Karni" deyərək səslənib. O, Kanadanın Çin malları üçün ABŞ-yə giriş qapısına çevrilməsinə icazə verməyəcəyini vurğulayıb:
"Əgər Vali Karni Kanadanı Çin mallarının ABŞ-yə göndərilməsi üçün bir 'tranzit limanı' (drop-off port) edəcəyini düşünürsə, çox yanılır."
Tramp Çinin Kanadanı iqtisadi və sosial baxımdan "udacağını" iddia edib:
O, Çinlə işbirliyinin Kanada biznesini, sosial toxumasını və həyat tərzini tamamilə məhv edəcəyini müdafiə edib.
Əgər Kanada Çinlə bu müqaviləni yekunlaşdırarsa, ABŞ-yə gələn bütün Kanada məhsullarına dərhal 100% gömrük vergisi qoyulacağını bəyan edib.
Bu təhdid Kanada Baş naziri Mark Karninin Pekində Çin lideri Si Cinpinlə görüşərək yeni strateji tərəfdaşlıq elan etməsindən sonra gəlib.
Razılaşmaya əsasən, Çin Kanada kanola yağına qoyduğu yüksək rüsumları (85%-dən 15%-ə) azaldır, Kanada isə Çin istehsalı olan elektrikli avtomobillər üçün xüsusi kvota və aşağı vergi dərəcəsi (6.1%) tətbiq edir.
Bu, 2017-ci ildən bəri Kanada baş nazirinin Çinə ilk rəsmi səfəridir və Kanadanın ticarətini şaxələndirmək cəhdi kimi qiymətləndirilir.
İki ölkə arasında münasibətlər yalnız ticarətə görə deyil, həm də Trampın Qrenlandiyanı ilhaq etmək planlarına Kanadanın etiraz etməsi səbəbindən pisləşib.
Tramp Kanadanı şimaldakı "Qızıl Qübbə" (Golden Dome) raketdən müdafiə sisteminə qarşı çıxmaqda ittiham edib.
Cavab olaraq, Tramp Kanadanın özünün qurduğu "Sülh Şurası"ndakı (Board of Peace) dəvətini ləğv edib.
Lalə Qüdrətova
Milli.Az