Azərbaycan Milli İncəsənət Muzeyində "Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti" adlı yeni daimi ekspozisiyanın açılışı baş tutub.
Azərbaycan Milli İncəsənət Muzeyi və bp-nin əməkdaşlığı ilə ərsəyə gəlmiş ekspozisiya XX əsrin ikinci yarısında Azərbaycan təsviri sənətinin inkişafında mühüm mərhələ təşkil edən nonkonformist sənət hərəkatının aparıcı nümayəndələrinin yaradıcılığına həsr olunub.
Açılış mərasimində bp-nin AGT üzrə regional prezidenti Cio Kristofoli, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış ediblər. Çıxışlarda XX əsrin 60-cı illərində formalaşmış bu sənət istiqamətinin Azərbaycan təsviri sənətində estetik düşüncənin yenilənməsində və fərdi yaradıcılıq azadlığının bərqərar olmasında oynadığı mühüm rolu vurğulayıblar. Qeyd olunub ki, nonkonformist sənət nümayəndələri dövrün ideoloji çərçivələrindən kənara çıxaraq milli bədii ənənələri müasir ifadə vasitələri ilə sintez edərək Azərbaycan incəsənətinə yeni baxış və üslub gətiriblər. Bu irsin qorunub saxlanılması və geniş auditoriyaya təqdim edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb, yeni daimi ekspozisiyanın gənc nəsil üçün həm tarixi yaddaşın möhkəmləndirilməsi, həm də müasir yaradıcılıq üçün ilham mənbəyi olduğu bildirilib.
Tədbirin bədii hissəsində Xalq artisti Fidan Hacıyeva və pianoçu Şahin Yəhyazadə tərəfindən dünya klassik musiqisi incilərindən nümunələr ifa olunub.
Daha sonra qonaqlar ekspozisiya ilə yaxından tanış olublar.
Qeyd edək ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovanın kuratorluğu ilə hazırlanmış yeni ekspozisiya zalının təmiri və dizaynı bp və tərəfdaşlarının dəstəyi ilə həyata keçirilmiş, layihə şirkətin tərəfdaşlarından olan "Greentech Solutions" MMC tərəfindən icra olunmuşdur. Təmir və dizayn həllərində müasir muzey ekspozisiya prinsipləri əsas götürülmüş, əsərlərin konseptual və vizual təqdimatına xüsusi diqqət yetirilmişdir.
Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) kolleksiyasında nonkonformist istiqamətin əsasını qoymuş Cavad Mircavadov, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev, Qorxmaz Əfəndiyev, Fazil Nəcəfov kimi sənətkarların əsərləri xüsusi yer tutur. Uzun müddət bu rəssamların yaradıcılığı muzeydə məhdud xarakterli ekspozisiyada nümayiş etdirilmişdir. Yeni daimi ekspozisiyanın yaradılması onların çoxşaxəli bədii irsini daha dolğun, sistemli və müasir muzey standartlarına uyğun şəkildə təqdim etmək məqsədi daşıyır. Qeyd edək ki, bu xarizmatik rəssamlar sosialist realizminin rəsmi ideoloji çərçivələri ilə barışmayaraq öz vizual strategiyalarını Azərbaycan incəsənətinin ənənəvi sistemi ilə Qərb avanqardının müasir tendensiyalarının sintezi üzərində qurmuşdular. Onlar yaradıcılıqlarını müasirləri olduqları dövrün dünya incəsənətində baş verən aktual tendensiyaları ilə əlaqələndirərək Azərbaycan təsviri sənətində yeni estetik və ideya axtarışlarının təməlini qoyublar.
Ekspozisiyada qeyri-rəsmi olaraq Azərbaycan nonkonformist sənətinin lideri kimi qəbul edilən Mircavad Cavadovun mifoloji təfəkkürə, simvolizmə və arxaik-folklor ünsürlərinə əsaslanan əsərləri önəmli hissəni təşkil edir.
Tofiq Cavadovun sənaye motivlərini və Abşeron mənzərələrini əks etdirən əsərləri ekspozisiyada ayrıca xətt kimi təqdim olunur.
Nonkonformist qrupun ideoloqu və nəzəri əsaslarını formalaşdıran sənətkar kimi tanınan Qorxmaz Əfəndiyevin əsərləri, Rasim Babayevin Azərbaycan mifologiyası, əfsanə və nağıllarına əsaslanan mükəmməl yaradıcılıq nümunələri ekspozisiyada xüsusi yer tutur.
Nonkonformistlər arasında fərqli yaradıcılıq xətti ilə seçilən Əşrəf Muradın əsərlərində primitivist estetika, lakonik forma həlli və qrotesk ifadə tərzi ön plana çıxır. Dərin qara fon üzərində təqdim olunan monumental fiqurlar əsərlərə güclü dramatik təsir bəxş edir.
Heykəltəraş Fazil Nəcəfovun milli və dünya mifoloji motivlərinə əsaslanan plastik nümunələri daxili enerjisi və fəlsəfi məzmunu ilə seçilir.
Ekspozisiyada nümayiş etdirilən video hazırkı rəssamlar nəslinin tanınmış nümayəndəsi Orxan Hüseynova aiddir. Bu videoda Orxan Hüseynov multimedia rəssamı kimi nonkonformistlərlə yaradıcı assosiativ dialoq qurur və Azərbaycan incəsənətində nəsillər arasındakı əlaqəni vurğulayır.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az