Ukraynaya kütləvi hücumdan sonra Zelenskidən sərt mesaj

24 Yanvar 2026 18:54

Ukrayna Prezidenti Volodimir Zelenski Davosda ABŞ Prezidenti Donald Trampla hava hücumundan müdafiə (HHM) sahəsində əldə olunan razılaşmaların icrasının sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Milli.Az-ın məlumatına görə, Zelenski bu fikirləri "Telegram" kanalında Rusiyanın bu gün Ukrayna ərazisinə endirdiyi genişmiqyaslı hücumla bağlı paylaşımında səsləndirib. Prezident bildirib ki, ötən gecə Rusiya ordusu Ukraynanın bir neçə bölgəsinə 370-dən çox zərbə PUA-sı və müxtəlif növ 21 raketlə hücum edib.

Onun sözlərinə görə, bu hücumlar hava hücumundan müdafiə vasitələrinin, xüsusilə Patriot və NASAMS sistemləri üçün raketlərin tədarükündə yaranan gecikmələrin qəbuledilməz olduğunu bir daha göstərir.

Zelenski qeyd edib ki, zərbələr Kiyev şəhəri və ətraf ərazilər, eləcə də Sumı, Xarkov və Çerniqov vilayətlərini əhatə edib. Xarkovda hücum nəticəsində doğum evi, məcburi köçkünlərin məskunlaşdığı yataqxana, tibb kolleci və yaşayış binaları zərər görüb. İlkin məlumatlara əsasən, onlarla insan yaralanıb, xəsarət alanlar arasında uşaq da var. Paytaxt Kiyev və yaxın bölgələrdə isə əsas hədəf enerji infrastrukturu olub. Hücum nəticəsində bir nəfərin həyatını itirdiyi bildirilir.

Prezident əlavə edib ki, Ukrayna bütün beynəlxalq tərəfdaşların operativ reaksiyasına və dəstəyinə ümid bəsləyir.

Kənan
Milli.Az