Sosiallaşmaq üçün süni intellektdən istifadə depressiya və narahatlıqla əlaqələndirilir.
Milli.Az xəbər verir ki, "JAMA Network Open" jurnalında dərc edilən tədqiqatda süni intellektdən gündəlik və şəxsi məqsədlərlə istifadə edənlərdə depressiya, narahatlıq və əsəbilik əlamətlərinin daha çox müşahidə edildiyi qeyd olunub.
Araşdırma ABŞ-də 20 mindən çox iştirakçı ilə aparılıb.
Araşdırmanın baş müəllifi Dr. Roy Perlis bildirib ki, süni intellektdən istifadə tezliyi artdıqca psixoloji simptomların da şiddətləndiyi müşahidə olunub.
Xüsusilə 45-64 yaş arası istifadəçilərdə süni intellektdən aktiv istifadə ilə depressiv əlamətlərin daha çox bildirildiyi vurğulanıb.
Qeyd edilib ki, iş və ya təhsil layihələri üçün süni intellektdən istifadə ilə depressiya arasında isə heç bir əlaqə aşkar edilməyib.
Amerika Psixologiya Assosiasiyası (APA) süni intellektin peşəkar psixoloji terapiyanın yerini tuta bilməyəcəyi barədə xəbərdarlıq edir. Dr. Perlis də ümumi məqsədli chatbotların sosial və ya psixoloji dəstək üçün hazırlanmadığını, bu məqsədlə istifadənin risk yarada biləcəyini bildirib.
Sorğu nəticələri süni intellekt istifadəsi ilə ruh sağlamlığı problemləri arasında əlaqə olduğunu göstərsə də, səbəb-nəticə münasibətini sübut etmir. Yəni depressiyaya süni intellektin səbəb olub-olmadığı, yoxsa depressiv şəxslərin daha çox süni intellektə üz tutduğu hələlik dəqiq bilinmir.
Mina Mikayılova
Milli.Az