Yaşlandıqca böyüyən və kiçilən bədən hissələri

23 Yanvar 2026 22:19

İnsan orqanizmi yaşlandıqca təkcə daxili sistemlər deyil, bədənin ölçüləri də dəyişir.

Milli.Az bildirir ki, mütəxəssislərin sözlərinə görə, illər keçdikcə bəzi orqan və bədən hissələri uzana, enlənə, digərləri isə əksinə, kiçilə bilər.

Hansı hissələr böyüyə bilər?

Ayaqlar
Əgər əvvəllər geyindiyiniz ayaqqabı ölçüsü indi dar gəlirsə, bu, tamamilə təbii səbəblərlə bağlı ola bilər. Çünki yaş artdıqca bədən çəkisinin təsiri və gündəlik yüklənmə nəticəsində bağlar və vətərlər elastikliyini itirir, ayaq forması isə bir qədər "yastılaşır".

Bundan əlavə, yaşla birlikdə ayaq və topuq nahiyəsində maye yığılması müşahidə oluna bilər ki, bu da şişkinlik yaradır. Baş barmağın dibində yaranan sümük çıxıntıları (bursit) da ayağın ölçüsünü artırır.

Araşdırmalara görə ayağın uzunluğu təxminən 8 millimetr, eni isə 4 millimetr arta bilər.

40 yaşdan sonra isə ayaq uzunluğu hər 10 ildə orta hesabla 3-4 millimetr böyüyür.

Burun
Burun əsasən yumşaq toxumalardan ibarətdir və zaman keçdikcə bu toxumalar elastikliyini itirərək sallana bilər. 2002-ci ildə aparılan araşdırmada burunun uzunluğunun orta yaşdan qocalığa qədər təxminən 5 millimetr artdığı qeyd olunub.

Eyni zamanda yanaqlarda yağ yastıqlarının azalması burunun daha çıxıq görünməsinə səbəb olur.

Filtrum (burunla üst dodaq arasındakı xət)
Burunla üst dodaq arasındakı şaquli çökəklik də cazibə qüvvəsinin təsiri ilə uzana bilər. Bu hissənin uzunluğu təxminən 1,8 santimetrdən 2 santimetrə yaxın ola bilər.

Dişlər
Dişlər yaşlandıqca böyümür, amma diş ətləri geri çəkildiyi üçün onlar daha uzun görünür. Gənclikdə ön dişlərin uzunluğu adətən 10-12 millimetr olur, lakin yaşla bu göstərici vizual olaraq 15-17 millimetr kimi görünə bilər.

Həmçinin dodaqların incəlməsi dişləri daha çox üzə çıxararaq "uzanma" təəssüratını gücləndirir.

Qaşlar və burun-qulaq tükləri
Başda saçların artımı zəiflədiyi halda, qaşlarda, burun daxilində və qulaqlarda olan tüklər əksinə daha uzun ola bilər. Bəzi hallarda onların uzunluğu 2-3 santometrə qədər çatır.

Bu, androgen hormonlarının təsiri və yaşlandıqca tüklərin böyüməsinə nəzarətin zəifləməsi ilə izah olunur.

Döş (sinə)
Döşləri dəstəkləyən Kuper bağları zamanla cazibə qüvvəsinin təsiri ilə dartılır. Elastik toxumalar tədricən yağ toxuması ilə əvəz olunur, estrogen səviyyəsi azalır və döş aşağı düşür. Ptozun mərhələsindən asılı olaraq məmə ucu əvvəlki yerindən bir neçə santimetr aşağı enə bilər.

Qulaq məmələri
Qulaq məmələri dəri və birləşdirici toxumadan ibarət yumşaq hissə olduğu üçün yaşla uzanmağa meyilli olur. Araşdırmalar göstərir ki, 20-60 yaş aralığında qulaq məmələrinin uzunluğu təxminən 30-35 faiz arta bilər. Buna səbəb elastikliyin azalması və cazibə qüvvəsinin uzunmüddətli təsiridir.

Hansı hissələr kiçilə bilər?
Onurğa sütunu

35 yaşdan sonra insan tədricən boy itirməyə başlayır. 50 yaşdan sonra bu dəyişiklik daha nəzərə çarpır, 70 yaşa yaxın isə boyun azalması 2-3 santimetrə qədər çata bilər.

Səbəb onurğa disklərinin susuzlaşması, hündürlüyünü və elastikliyini itirməsidir.

Cinsi orqan
Yaş artdıqca qan damarlarında ateroskleroz riski yüksəlir, bu da qan dövranını zəiflədərək ereksiya qabiliyyətinə təsir edir. Eyni zamanda erektil toxumada kollagen azalır və elastiklik zəifləyir.

Araşdırmaya əsasən, ereksiya vəziyyətində uzunluq hər 10 ildə təxminən 0,7 santimetr azala bilər.

Dırnaqlar
Dırnaqların böyümə sürəti yaşlandıqca təxminən 3 dəfə zəifləyir. Yeniyetməlikdə dırnaqlar ayda 3-4 millimetr uzanırsa, 20 yaşdan sonra böyümə sürəti hər il orta hesabla 0,5 faiz azalır.

Bunun səbəbləri arasında barmaq uclarında qan dövranının zəifləməsi, mineral çatışmazlığı, hormonal dəyişikliklər, bəzi dərmanların qəbulu göstərilir. (lent.az)

Milli.Az