Mel Gibsonun Oskara namizəd olan məşhur "Apokalipto" filmindəki baş rolu ilə dünya şöhrəti qazanan Rudi Yanqblad Texas ştatında ağır cinayət ittihamı ilə saxlanılıb.
Milli.Az xəbər verir ki, aktyor əvvəlcə avtomobili sürətlə idarə etdiyi üçün saxlanılıb. Sənədləri yoxlanılarkən onun narkotik maddələrlə bağlı qaldırılmış iddiaya görə axtarışda olduğu məlum olub. Aktyor dərhal qandallanaraq şöbəyə aparılıb.
Yanqblad hazırda Henderson dairəsinin həbsxanasında saxlanılır. O, 1 qramdan 4 qrama qədər nəzarət edilən maddə saxlamaqda ittiham olunur. Texas qanunlarına görə, bu, ağır cinayət hesab olunur. Təqsiri sübuta yetirilərsə, aktyoru 2 ilə qədər həbs cəzası və 10 000 dollar məbləğində cərimə gözləyir.
Bu, 43 yaşlı aktyorun ilk qanun pozuntusu deyil. Yanqbladın cinayət dosyesi kifayət qədər zəngindir. O, 2025-ci ildə ailə üzvünə qarşı fiziki zorakılıq (nəfəs almasına mane olmaqla hücum) ittihamı ilə həbs edilmişdi.
2017-ci ildə Mayamidə sərxoş vəziyyətdə ictimai asayişi pozduğu üçün saxlanılsa da, sonradan həmin ittihamlar ləğv edilmişdi.
Rudi Yanqblad 2006-cı ildə çəkilmiş "Apokalipto" filmindən sonra "Cəhənnəm dəliyi mədəninin lənəti" (2023) və "Pıtpıtı mövsümü" (2021) kimi layihələrdə də yer alıb. Ötən il "La Matadora" dramında rol alan aktyorun hazırda üzərində işlədiyi bir neçə yeni layihəsi də var idi, lakin son həbs onun karyerasına ciddi təsir göstərə bilər.
Lalə Qüdrətova
Milli.Az