“Yüksələn işıq”: REZA-nın fotosərgisi Heydər Əliyev Beynəlxalq Aeroportunda təqdim olunur - FOTO

23 Yanvar 2026 19:25

23 yanvar-27 mart tarixlərində dünya şöhrətli fotoqraf və fotojurnalist Reza Deqatinin (REZA) "Yüksələn işıq" adlı fotosərgisi Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-in beynəlxalq uçuşlar ərazisində nümayiş etdirilir. Layihə AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZAL) və Heydər Əliyev Beynəlxalq Aeroportu, eləcə də "Boeing" şirkətinin dəstəyi ilə həyata keçirilir və hava limanının beynəlxalq zona üzrə mədəni proqramı çərçivəsində təqdim olunur.

Milli.Az xəbər verir ki, "Yüksələn işıq" sərgisi Azərbaycanı REZA-nın özünəməxsus bədii baxış bucağından təqdim edərək ölkənin zəngin tarixi irsinin müasir həyatın ritmi ilə harmonik vəhdətini əks etdirir. Geniş beynəlxalq auditoriya üçün hazırlanmış bu vizual hekayə vasitəsilə Azərbaycanın mədəni, sosial və insani siması nümayiş olunur.

Sərginin Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil edilməsi xüsusi rəmzi məna daşıyır. Regionun ən iri aviasiya qovşaqlarından biri olan və hər gün dünyanın müxtəlif ölkələrindən onminlərlə sərnişini qəbul edən aeroport mədəni dialoq üçün unikal platforma, eyni zamanda Azərbaycanın vizual təqdimatında ilk təmas nöqtəsi rolunu oynayır. Sərginin Terminal 1-in beynəlxalq zonasında yerləşdirilməsi onun qlobal miqyasını və beynəlxalq yönümlü xarakterini vurğulayır.

"Azərbaycan Hava Yolları", "Boeing" və Heydər Əliyev Beynəlxalq Aeroportunun layihəyə verdiyi dəstək tərəfdaşların mədəni təşəbbüslərin beynəlxalq aviasiya mühitinə inteqrasiyasına və aviasiyanın mədəni mübadilə üçün körpü rolunun gücləndirilməsinə dair ortaq baxışını əks etdirir. Vizual düşüncə xətti kimi qurulan sərgi Azərbaycanı onun insanları, təbiəti və gündəlik həyatı vasitəsilə kəşf etməyə imkan yaradır. REZA-nın fotoları məkanın ruhunu, ənənələrin davamlılığını və müasir Azərbaycanın mədəni müxtəlifliyini incə detallarla çatdırır.

Sərgidə REZA-nın müəllifi olduğu 44 fotoəsər nümayiş etdirilir. Ekspozisiyanın xüsusi bölməsi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş abidələrə həsr olunub. Buraya Bakının İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu və Şirvanşahlar Sarayı, Qobustan Qaya Sənəti Mədəni Landşaftı, eləcə də Şəki Xan Sarayı daxildir.

"Yüksələn işıq" adını daşıyan bu sərgi Azərbaycanın tarixini, mədəniyyətini və insan hekayələrini vahid bir baxışda əks etdirir. Bu layihə vasitəsilə biz ölkəmizi təkcə məkan kimi deyil, öz zəngin dəyərləri və mədəni yaddaşı ilə qonaqlarımıza tanıdırıq", - deyə "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev bildirib. O, həmçinin qeyd edib ki, mədəni təşəbbüslər AZAL-ın fəaliyyətinin ümumi inkişaf xətti ilə uzlaşır və aviaşirkətin texniki modernləşmə strategiyasını tamamlayır: "Bu il AZAL donanmasına yeni nəsil "Boeing 787-9 Dreamliner" təyyarəsi qoşulacaq. İnanıram ki, bu addım sərnişinlərimizin xəyallarındakı səyahətləri gerçəkləşdirməyə mühüm töhfə verəcək".

"Aviasiya insanları həm marşrutlar, həm də ortaq təcrübələr vasitəsilə birləşdirir", - deyə "Boeing" şirkətinin Türkiyə və Mərkəzi Asiya üzrə icraçı direktoru Aysem Sarğın bildirib. Onun sözlərinə görə, "Yüksələn işıq" sərgisinə dəstək verməklə "Boeing" səyahətçilərin Azərbaycanın zəngin mədəniyyəti, tarixi və insani hekayələri ilə tanış ola biləcəyi bir məkanın yaradılmasından qürur duyur. Bu sərgi "Boeing"in əsas dəyərlərini əks etdirir: şirkətin təyyarələri yalnız səyahəti mümkün etmir, eyni zamanda dünyada insanları, mədəniyyətləri və ideyaları bir-biri ilə əlaqələndirir".

Mədəni dialoq və səyahətin insani ölçüsü ideyası sərginin müəllifi, fotoqraf REZA-nın bədii baxışında da öz dolğun ifadəsini tapır.

"Yüksələn işıq" Azərbaycanın ruhuna və əzabı dözümlülüyə, qaranlığı isə işığa çevirə bilmiş bir xalqa həsr olunmuş şahidliyimdir. Şair Ruminin dediyi kimi, "Yara işığın içinizə axdığı yerdir". Bu şəkillər vasitəsilə mən qədim irsinə sadiq qalaraq gələcəyə doğru addımlayan insanları müşahidə edirəm," - deyə REZA bildirib.

REZA insan hekayələrinə və sosial kontekstə fokuslanan əsərləri ilə tanınan dünya şöhrətli fotoqraf və fotojurnalistdir. O, 40 ildən artıq peşəkar fəaliyyəti ərzində 100-dən çox ölkədə çalışaraq müasir tarixdə baş verən mühüm hadisələri sənədləşdirib. REZA Azərbaycanda da geniş fəaliyyət göstərib, ölkənin yaxın tarixində mühüm mərhələləri - XX əsrin sonlarında baş verən faciəli hadisələri, məcburi köçkünlərin talelərini, I və II Qarabağ müharibələrini öz obyektivi ilə əks etdirib.

Sülhün təşviqi və mədəni dialoqun inkişafına verdiyi töhfələrə görə REZA Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Dostluq" ordeni ilə təltif olunub.

REZA-nın yaradıcılığı bir çox nüfuzlu beynəlxalq mükafatlarla qiymətləndirilib. O, Nyu-York Beynəlxalq Fotoqrafiya Mərkəzinin "Infinity Award", "Lucie Award", fotoqrafiyaya verdiyi töhfələrə görə "HIPA Award", Missuri Universitetinin Fəxri Medalı kimi mükafatların laureatıdır. REZA, həmçinin Paris Amerika Universitetinin fəxri doktoru, "Ashoka Senior Fellow" və Fransanın Milli "Şərəf Legionu"nun zabitidir.

Milli.Az