Türkiyə yığmasının keçmiş üzvü qəzada öldü, Azərbaycan vətəndaşı saxlanıldı - FOTO

23 Yanvar 2026 15:51

Samsun şəhərinin Tekkeköy rayonunda gecə saatlarında baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Milli.Az Türkiyə mediasına istinadla xəbər verir ki, qəza dünən gecə saat 01:30 radələrində qeydə alınıb. İşdən evə qayıdan Umut Can Turanın idarə etdiyi motosikletlə yolun kənarında park edilmiş yük maşınının qoşqusuna çırpılıb.

Hadisə yerinə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Ağır xəsarət alan motosiklet sürücüsünə hadisə yerində ilkin tibbi yardım göstərilib və o, özəl xəstəxanaya aparılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, Turanın həyatını xilas etmək mümkün olmayıb.

Qəzadan sonra yük maşınının sürücüsü, Azərbaycan vətəndaşı N.S. saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Məlum olub ki, dünyasını dəyişən Umut Can Turan keçmiş milli badmintonçu olub, son dövrlərdə isə kuryer kimi çalışaraq dolanışığını təmin edirmiş.

Fidan
Milli.Az