Ötən il ipoteka ilə mənzil alanların sayı açıqlanıb

23 Yanvar 2026 15:24

İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 2025-ci il ərzində müvəkkil banklar tərəfindən 442,8 milyon manat həcmində 4309 ipoteka krediti, o cümlədən, 347,2 milyon manat məbləğində 3153 adi ipoteka krediti və 95,6 milyon manat məbləğində 1156 güzəştli ipoteka krediti verilib.

Bu barədə Milli.Az Fonddan məlumat verilib. 

Bildirilib ki, ümumilikdə, 2006-2025-ci illərdə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin məbləği 3,76 milyard manatı keçib ki, bu da 56800-dən çox ailənin mənzil şəraitinin  yaxşılaşmasına imkan verib.

Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə 01 yanvar 2026-cı il tarixinə Fond tərəfindən 139,9 milyon manat məbləğində 1490 ipoteka krediti üzrə zəmanət verilib.

Qeyd etmək lazımdır ki, Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22 faizə yaxını isə regionların payına düşüb.

Ayxan

Milli.Az