Parklanma qaydaları dəyişəcək? - AÇIQLAMA

23 Yanvar 2026 19:47

Avtomobili park etmək üçün ya sms göndərməlisən, ya da mobil tətbiq üzərindən parklanma məntəqəsinin nömrəsini seçərək başlama vaxtına start verməlisən. Bu iki üsuldan heç biri əlçatan olmadıqda isə alternativ seçim qalmır. Məsələn, telefon evdə qalanda avtomobili park edə bilmirsən, edəndə isə cərimə gələcək. 

Milli.Az xəbər verir ki, avtomobil sahibləri bu vəziyyətlə bağlı bildiriblər ki, həmin ərazilərdə ödəmə terminalları quraşdırılsa, daha əlverişli olar. Beynəlxalq təcrübədə də bu üsullardan istifadə olunur. 

Bəs bizim ölkədə o üsul tətbiq edilə bilər? 

Məsələ ilə bağlı nəqliyyat eskperti Ərşad Hüseynov bildirib ki, hazırda ən sadə üsul mobil tətbiqlərdən istifadədir:

"Beynəlxalq təcrübəyə baxıb o aparatlardan biz də gətirsək, bunun özü ayrıca problemə çevriləcək. Həmin aparatlar kifayət qədər bahalıdır, ona enerji təminatı vermək üçün kabellər çəkmək lazımdır. Onların da proqramı var. Həmin proqram da kifayət qədər bahalıdır". 

Həmin proseslə bağlı AYNA-dan qeyd edildi ki, parklanma üçün qanunsuz pul yığımının qarşısını almaq üçün ödənişlər nəğdsiz qaydada həyata keçirilir. Parklanmaya görə ödənişin edilməsi üçün vətəndaşa iki müxtəlif üsul mobil tətbiq və sms üsulu təqdim olunub. 

Aysel Əkbər
Milli.Az