Beynəlxalq axtarışa verilmiş daha iki şəxs ölkəmizə ekstradisiya olunub.
Bu barədə Milli.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları İsmayılzadə Əbülfət Həsən oğlu və Əzizov Amal Sarvan oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.
Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Gürcüstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
Belə ki, onlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində törədilmiş qaçaqmalçılıq və digər cinayət faktları üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi çərçivəsində axtarışa verilib və Gürcüstanda saxlanılaraq ölkəmizə ekstradisiyaları təmin olunub
Milli.Az