Bazarlarda təhlükəli kartof satılır? - ARAŞDIRMA

23 Yanvar 2026 11:00

Bəzi bazarlarda yemək üçün nəzərdə tutulan kartoflarla yanaşı texniki, yəni yem kartofları da satılır. Qiymətinin ucuz olduğu üçün alıcılar bu kartofu alsalar da, amma təəssüf ki bu tip kartoflar yemək üçün nəzərdə tutulmayıb.

Bəs bu kartofları necə ayıra bilərik? 

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı qida eksperti Məhsəti Hüseynova bildirib ki, texniki kartofu adi kartofdan ayırd etmək bəzən asan olmur:

"Həddindən artıq iri, forması pozulmuş, qabığı qalın və sərt olan, üzərində çıxıntılar və qabığının altında yaşıl rəng görünən kartoflar zəhərli solanin maddəsi daşıya bilər. Bu səbəbdən belə kartofların alınması tövsiyə edilmir. İstifadədən sonra ürəkbulanma, başgicəllənmə və ya ağızda acı dad hiss edilərsə, həkimə müraciət olunmalıdır. Alış zamanı cücərməmiş və yaşıllaşmamış kartoflara üstünlük verilməli, evdə isə günəş işığı düşməyən, sərin və qaranlıq yerdə, digər meyvə-tərəvəzdən ayrı saxlanılmalıdır".

Məsələ ilə bağlı AQTA-dan bildirildi ki, bazarlarda satılan məhsullara mütəmadi nəzarət olunur:

"Uyğunsuzluq aşkarlanarsa, həmin məhsullar satışdan çıxarılır və məhsul şəxslər barəsində tədbir görülür. Bütün qida məhsullarında olduğu kimi kartof da qida aktlarında olan normativ tələblərə cavab verdiyi halda idxal aktı ilə təmin olunur və dövriyyəsinə icazə verilir". 

Qeyd edək ki, mövsümü olaraq toxumlu kartof məhsulu da idxal edilir. Texniki kartof adı ilə ölkəmizə məhsul idxal olunmayıb. 

Bəs yem kartofunun sağlamlıq üçün hansı təhlükəsi var? 

Terapevtlərin sözlərinə görə, yem kartofları tərkibində kimyəvi maddələr və normadan artıq gübrələr olduğu üçün sağlamlıq üçün təhlükə yarada bilər:

"Bu məhsullar müxtəlif iltihabi proseslərin yaranmasına səbəb ola və orqanizmə toksiki təsir göstərə bilər. Hətta heyvanlar üçün də uyğun sayılmır, çünki tərkibindəki zərərli maddələr heyvanın toxumalarında toplanır və sonradan qida zənciri vasitəsilə insan orqanizminə keçir. Bu maddələr bədəndə yığılıb hüceyrələrə zərər verərək ümumi zəhərlənmə effekti yarada bilər. Təsiri konkret bir xəstəliklə deyil, ümumi sağlamlıq riski ilə xarakterizə olunur".

Alıcılar tövsiyə edilir ki, kartof alarkən onun görünüşə və keyfiyyətinə diqqət etsinlər. Düzgün seçim həm sağlamlığımızı qoruyur, həm də risklərin qarşısını alır. 

Aysel Əkbər
Milli.Az