Tiramisu italyanca "məni yuxarı çək" və ya "məni xoşbəxt et" mənasına gəlir. Bu desertin sirri yumşaq maskarpone pendiri ilə tünd qəhvənin yaratdığı mükəmməl harmoniyadadır.
Milli.Az İtalyan evlərində hazırlanan o məşhur resepti təqdim edir:
Lazım olan ərzaqlar:
500 qram maskarpone pendiri (otaq temperaturunda)
4 ədəd çox təzə yumurta (sarısı və ağı ayrılmış)
100 qram şəkər tozu
300 qram "Savoyardi" peçenyesi (kedi dili)
1.5 stəkan tünd bişirilmiş qəhvə (Espresso və ya filtr qəhvə, soyudulmuş)
Üzəri üçün: Keyfiyyətli kakao tozu
Qəhvənin içinə 1 xörək qaşığı badam likyoru (Amaretto)
Hazırlanma qaydası:
Geniş bir qabda yumurta sarılarını şəkər tozunun yarısı ilə rəngi ağarana qədər yaxşıca çalın. Üzərinə maskarpone pendirini əlavə edib, hamar bir kütlə alınana qədər qarışdırın.
Ayrı bir qabda yumurta ağlarını qalan şəkər tozu ilə bərk köpük (beze halına) alınana qədər mikserlə çalın. Sonra bu köpüyü maskarponeli qarışığa əlavə edin. Vacib məqam: Köpüyü söndürməmək üçün altdan yuxarıya doğru bir spatula ilə yavaşca qarışdırın.
Soyumuş tünd qəhvəni geniş bir qaba tökün. Savoyardi peçenyelərini çox sürətli şəkildə (hər üzünü 1 saniyə) qəhvəyə batırıb çıxarın. Peçenyelərin çox yumşalmamasına diqqət edin.
Dördbucaqlı bir qabın dibinə isladılmış peçenyeləri nizamla düzün. Üzərinə hazırladığınız kremin yarısını yayın. Sonra ikinci qat peçenyeləri düzün və qalan kremi ən üstə əlavə edərək hamarlayın.
Tiramisunun ən az 6 saat (idealı 1 gecə) soyuducuda gözləməsi lazımdır. Servis etməzdən dərhal əvvəl üzərinə bolca kakao ələyin.
Klassik reseptdə yumurta bişirilmədiyi üçün mütləq çox təzə yumurtalardan istifadə edin.
Qəhvə tamamilə soyuq olmalıdır, əks halda peçenyelər dərhal xəmirə çevrilər.
Kakaonu əvvəlcədən səpsəniz, o soyuducuda nəm çəkib qaralacaq. Buna görə də yalnız süfrəyə verəndə səpmək daha yaxşıdır.
Lalə Qüdrətova
Milli.Az