Dəmlənmiş çaydan möhtəşəm desert: Yumşaq kremli tort resepti

23 Yanvar 2026 23:12

Adətən tortların yanında içdiyimiz çay bu dəfə tortun öz dadına dad qatır. Dəmlənmiş çayın verdiyi tünd rəng və xüsusi ətir bu deserti digərlərindən fərqləndirir.

Milli.Az aaddım-addım hazırlanma qaydasını təqdim edir:

Lazım olan ərzaqlar:
Keksi (Biskviti) üçün:

3 ədəd yumurta

1 stəkan şəkər tozu

1 stəkan soyudulmuş tünd dəmlənmiş çay (yarpaq çay olması daha yaxşıdır)

Yarım stəkan duru yağ

2.5 stəkan un

1 paket qabartma tozu

1 paket vanil

2 xörək qaşığı kakao

Kremi üçün:

3 stəkan süd

1 ədəd yumurta sarısı

2 xörək qaşığı un

1 xörək qaşığı nişasta

Yarım stəkan şəkər tozu

1 paket vanil

1 paket krem-şanti (toz halında)

Hazırlanma qaydası:
İlk növbədə yumurta və şəkər tozunu köpüklənənə qədər mikserlə çalın. Üzərinə duru yağ və soyumuş tünd çayı əlavə edib qarışdırın. Sonra un, kakao, qabartma tozu və vanili ələkdən keçirərək qarışığa qatın. Hazır kütləni yağlanmış qaba töküb, əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 30-35 dəqiqə bişirin.

Kremin hazırlanması - süd, yumurta sarısı, un, nişasta və şəkər tozunu bir qazana töküb qatılaşana qədər qarışdıraraq bişirin. Krem qaynamağa başlayanda ocaqdan götürün, vanili əlavə edib soyumağa qoyun. Tam soyuduqdan sonra toz halındakı krem-şantini əlavə edib mikserlə 5 dəqiqə çalın (bu, kremə ipək kimi tekstura verəcək).

Soyumuş keksi ortadan iki yerə bölün. Arasına kremin yarısını bolca çəkin. Üst hissəni qoyduqdan sonra qalan kremlə tortun hər tərəfini örtün.

Tortun üzərini zövqə görə şokolad qırıntıları, üyüdülmüş püstə və ya qozla bəzəyə bilərsiniz. Dadların bir-birinə keçməsi üçün soyuducuda ən azı 3-4 saat saxlanılması tövsiyə olunur.

Lalə Qüdrətova
Milli.Az