Əsgərlik müddəti 6 aya endirilir? - açıqlama

22 Yanvar 2026 22:38

İkinci Qarabağ müharibəsi qələbə ilə başa çatdıqdan sonra həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi tez-tez gündəmə gətirilir. Bir çox ekspertlər sülh dövründə müddətin 1 il 6 ay olmasına ehtiyac olmadığını düşünür.

Sülh müqaviləsi imzalandıqdan sonra müddətə dəyişiklik edilməsi ehtimalı var?

Milli.Az xəbər verir ki, hərbi məsələlər üzrə ekspert Rövşən Məhərrəmov Demokrat.az-a bildirib ki, sülh müqaviləsi bağlansa belə, regionda təhlükəsizlik riski heç vaxt tam aradan qalxmır:

"Azərbaycanın şimal və cənub qonşuları var və bu amil daim potensial təhlükə mənbəyi olaraq qalır. Bu baxımdan ordunun əsas dayaqlarından biri ehtiyat qüvvələrdir.
Ehtiyatda olan hərbi qulluqçular, xüsusilə də çağırış üçün nəzərdə tutulan şəxslər mütləq peşəkar hazırlığa malik olmalıdırlar. Bunun üçün ya hərbi xidmətdən keçməli, ya da mütəmadi təlimlərdə iştirak etməlidirlər".

Ekspert deyib ki, hərbi xidmət müddətinin azaldılması məsələsi isə birbaşa müqavilə əsasında xidmət edən peşəkar hərbçilərin sayından asılıdır:

"Peşəkar kadrlar nə qədər çox olarsa, xidmət müddətinin azaldılması da bir o qədər real görünə bilər.

Hazırda bu mövzu əsasən sosial şəbəkələrdə müzakirə olunur. Mən özüm də bir müddət əvvəl hərbi xidmət müddətinin azaldılmasının zəruriliyini qeyd etmişdim". 

Ekspert qeyd edib ki, Ermənistan, Türkiyə və bir sıra digər ölkələrdə bu müddət artıq azaldılıb. 

"Lakin konkret olaraq nə qədər azaldıla biləcəyi barədə indidən fikir bildirmək doğru olmaz. Bu məsələ müvafiq icra hakimiyyəti orqanlarının qərarından və ordunun gələcəkdə ehtiyat insan resursları ilə təmin olunma imkanlarından asılıdır"- deyə ekspert fikrini yekunlaşdırıb. 

Milli.Az