"Kurtlar Vadisi" serialında "Baron" Mehmet Karahanlının məbəddə edam edildiyi səhnədə yerdə olan səkkizguşəli ulduz və həndəsi naxışların Bakı metropoliteninin "Dərnəgül" stansiyasındakı döşəmə bəzəkləri ilə eynilik təşkil etməsi sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Serialdakı masonik simvolların əks olunduğu həmin kadrla 2011-ci ildə istifadəyə verilən stansiyanın dizaynı arasındakı vizual oxşarlıq izləyicilər tərəfindən müəmmalı qarşılanıb.
Məsələ ilə bağlı fikrini bildirən ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, metro stansiyalarında olan simvollar və sosial şəbəkələrdə guya masonluqla əlaqələndirilən Dərnəgül metrosundakı ornamentlər yeni məsələ deyil və yalnız bu stansiyaya aid deyil:
"Dünyanın demək olar ki, bütün böyük şəhərlərinin metro və ictimai məkanlarında oxşar simvollar, naxışlar və həndəsi fiqurlar mövcuddur. Bunların böyük əksəriyyəti memarlıq və dekorativ sənətin elementləridir və ideoloji və ya dini təbliğat məqsədi daşımır".
O bildirib ki, Dərnəgül metrosundakı ornamentə diqqətlə baxdıqda klassik şərq ornamentikasına xas elementlər aydın görünür:
"Mərkəzdə çoxşaxəli ulduz forması yer alır. Bu tip ulduzlar islam memarlığında, Azərbaycan xalça naxışlarında, Şirvanşahlar sarayında və qədim qəbirüstü daşlarda geniş yayılıb. Bu, konkret bir təriqətin deyil, ümumbəşəri həndəsi simvolikanın məhsuludur. Həndəsi fiqurlar insanlıq tarixində ən qədim ifadə vasitələrindən sayılır. Dairə bütövlüyü, simmetriya və mərkəz nizamı isə harmoniya anlayışını ifadə edir".
İlahiyyatçı qeyd edib ki, sionizm və ya masonluq iddiaları isə ciddi metodoloji səhvə əsaslanır:
"Bir simvolun müxtəlif mədəniyyətlərdə istifadə olunması onu avtomatik ideoloji rəmzə çevirmir. Altı və səkkiz guşəli ulduzlar təkcə yəhudi mədəniyyətinə aid deyil. Bu formalar əsrlər boyu islam dünyasında istifadə olunub. Səmərqənddə, İsfahanda, Qahirədə və Bakının İçərişəhərində bu naxışlara rast gəlinir və heç kim bunu gizli təşkilatların izi kimi təqdim etmir".
Onun fikrincə, masonluqla bağlı iddialar daha çox müasir dövrdə formalaşmış mifoloji yanaşmanın nəticəsidir:
"Cəmiyyətdə izah olunmayan detalları gizli güclərlə əlaqələndirmək psixoloji rahatlıq yaradır. Halbuki memarlıq layihələri açıq proseslərdən keçir, müvafiq qurumlar tərəfindən təsdiqlənir və burada gizli ideoloji mesajların yerləşdirilməsi nə realdır, nə də məntiqlidir. Metro stansiyaları eyni zamanda estetik məkanlardır. Bu ornamentlər sərnişini yormayan, neytral və tarixi köklərə bağlı dizayn elementləridir. Burada nə dini çağırış, nə siyasi mesaj, nə də hansısa təriqətə yönləndirmə var. Sadəcə forma, nizam və vizual harmoniya var".
İlahiyyatçı bildirib ki, İslam baxımından da bu ornamentlərdə problem görmək doğru deyil.
"Niyyət daşımayan, ibadət və təbliğ məqsədi olmayan bəzək elementlərinin haram elan edilməsi əsassızdır. Alimlər də bildirir ki, adi naxışlar şirk və ya küfr niyyəti daşımırsa, problem hesab edilmir. Burada ibadət yoxdur, rəmzə səcdə yoxdur, ideoloji bağlılıq yoxdur. Sadəcə bəzəkdir.
Nəticə etibarilə, hər bir fiquru düşmən obrazına çevirmək nə elmi, nə dini, nə də sağlam düşüncəyə uyğundur. Simvolları kontekstdən qoparıb süni mənalar yükləmək maarifləndirmir, əksinə qorxu və şübhə yaradır. Cəmiyyətin ehtiyacı miflərə deyil, məlumatlı baxışa, tarix və sənət biliklərinə söykənən yanaşmadır. Bu məsələ də məhz bu çərçivədə qiymətləndirilməlidir. Bütün müsəlman ölkələrində bu tip bəzəklər geniş istifadə olunur və həmin ölkələrdə toxunan xalçaların üzərində də oxşar ornamentlər yer alır" - deyə o bildirib.
Milli.Az