Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi fəaliyyət göstərir.
Sosial Xidmətlər Agentliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki, çətin həyat şəraiti ilə qarşılaşan vətəndaşlar müəssisənin xidmətlərindən qanunvericiliyə uyğun şəkildə yararlana bilərlər.
Bildirilib ki, müəssisəyə qəbul olunanlar 6 ay (180 gün) ərzində müvafiq xidmətlərlə təmin olunurlar və bu müddətdə günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər.
"Hazırda müəssisənin müxtəlif şöbələrində ümumilikdə 64 nəfərə xidmət göstərilir. Onlardan 39-u kişi, 25-i qadındır. Ötən il müəssisədə ümumilikdə 222 nəfərə xidmət göstərilib. Onlardan 84-ü müəyyən yaşayış yeri olmayan şəxslər olub".
Qeyd edək ki, müəssisəyə qəbul şəxsin özünün və ya qanuni nümayəndəsinin müraciəti, həmçinin daxili işlər, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin göndərişləri əsasında Agentliyin yerli qurumları və ya DOST mərkəzləri vasitəsilə aparılır. Həmçinin, vətəndaşlar müraciətlərini Sosial Xidmətlər Agentliyinin (012) 525 41 30 qaynar xətti, (050) 525 41 30 WhatsApp sosial platforması, eləcə də sosial media hesabları vasitəsilə ünvanlaya bilərlər.
Fərid Zöhrabov
Milli.Az