"Azərbaycan Prezidenti Əmək Məcəlləsinə dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklər Azərbaycanda əmək hüquqlarının daha yaxından qorunması, işəgötürən və işçi münasibətlərinin beynəlxalq standartlar və prinsiplərə uyğun tənzimlənməsi üçün hüquqi bazanı daha da möhkəmləndirir".
Milli.Az xəbər verir ki, bunu deputat Vüqar Bayramov qeyd edib.
O bildirib ki, vacib dəyişikliklərdən biri istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı ödənilən zaman yalnız gündəlik deyil, saatlıq tarif maaşının da nəzərə alınmasıdır:
"Belə ki, sözügedən günlərdə əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik və saatlıq tarif maaşının iki mislindən, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərində və aylıq maaş alan işçilərə iş, aylıq iş vaxtı norması çərçivəsində görülübsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülübsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla əməkhaqqı ödəniləcək.
Burada vacib dəyişikliklərdən biri də saatlıq vəzifə maaşı anlayışının məcəllədə istifadə olunmasıdır. Azərbaycanda bu istiqamətdə işlərin daha da intensivləşməsi müşahidə olunmaqdadır. Belə ki, saatlıq vəzifə maaşının məcəlləyə əlavə edilməsi işçilərin əmək hüquqlarının qorunması və onların daha yüksək maaşla təmin olunması baxımından vacib idi.
Bəzi hallarda həmin günlərdə iş müddəti tam iş günü deyil, müəyyən saatları əhatə edir. Yeni dəyişiklik bu hallarda praktikada da işçilərə hər saata görə əlavə maaş ödənilməsinə şərait yaradacaq. Əgər işçinin saatlıq tarifi 30 manatdırsa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləməkdə davam edibsə və 4 saat əlavə işdə olubsa, həmin saatlara görə 120 manat deyil, ən azı 240 manat maaş hesablanacaq.
Digər tərəfdən, Azərbaycanda saatlıq iş rejiminə keçidin müzakirə olunduğunu nəzərə alsaq, bu, maaş ödənişlərinin beynəlxalq standartlara uyğunlaşmasına imkan verəcək".
Bəs bütün bu yeniliklər necə tənzimlənəcək? Nəzarət mexanizmi necə olacaq?
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
"Əmək Məcəlləsində edilən dəyişikliklər bir neçə istiqamətdə qiymətləndirilir: beynəlxalq konvensiyalara riayət, Əmək Məcəlləsinin müasir dövrün tələblərinə uyğun, çevik və sosial yönümlü olması, işçilərin hüquqlarının daha çox qorunması. Yəni dəyişikliklər əsasən işçilərin hüquqlarının müdafiəsinə və iş prosesində sosial vəziyyətin nəzərə alınmasına yönəlib. Əvvəlki dəyişikliklərdə işçi ilə işəgötürən arasındakı münasibətlərin, o cümlədən əmək müqaviləsinin şərtlərinin daha aydın şəkildə tənzimlənməsi nəzərdə tutulub. Bu dəyişikliklər iş yerində sosial ədalətin və hüquqların qorunmasını gücləndirməyə xidmət edir".
O ki qaldı dəyişikliklərə, nəzarət mexanizminə, iqtisadçı deyib ki, dövlət sektorunda bu məsələ tənzimlənir:
"Məşğulluğun təqribən 47-48 faizi dövlət sektorundadır, qalan 52-53 faizi isə özəl sektordadır. Dövlət sektorunda bu məsələlər müəyyən qaydalar və qanunlarla nizamlanır. Özəl sektorun bir hissəsində - xüsusilə işini şəffaf quran, korporativ qaydaları olan şirkətlərdə də bu işlər qayda-qanun çərçivəsində aparılır.
Amma razıyam ki, özəl sektorun bir hissəsində - xüsusilə xidmət sahələrində - bu qaydalara riayət qənaətbəxş deyil. Əsas səbəb əmək bazarının mövcud vəziyyətidir. İşə götürən bilir ki, işçinin hüquqlarını pozsa belə, ya qorxudan, ya da alternativ iş yerinin olmamasından dolayı getməyəcək, ya da şikayət etməyəcək. Bu, iş verənlərin qaydaları pozmasına imkan yaradır. İşə götürən bilir ki, işçini işdən çıxarsa, eyni şərtlərlə başqa bir işçini gətirə bilər. Beləliklə, əmək bazarının vəziyyəti - yəni iş yerlərinin az, iş axtaranların çox olması - iş verənlərin xeyrinə işləyir və bəzi özəl sektorda işçi hüquqlarının pozulmasına səbəb olur. İşçi hüquqlarını müdafiə etmək istəsə də, şikayət etmək risklidir: işdən çıxarılma, diskriminasiya və digər problemlərlə üzləşə bilər.
Vətəndaşların hüquqları pozulubsa, Əmək Müfəttişliyinə müraciət edə bilər, bu qurum həm sosial şəbəkələrdə fəaliyyəti izləyir, həm də vətəndaşlar hüquqları pozulduqda birbaşa ona şikayət edə bilirlər. Bu qurum kifayət qədər effektiv işləyir, cərimə və digər cəza tədbirlərini tətbiq etmək səlahiyyətinə malikdir. Bu dəyişikliklərin hər biri işçinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, bərabərlik və müasir dövrün tələblərinə cavab verilməsinə, əmək intizamına, həmçinin əmək təhlükəsizliyi tədbirlərinin təkmilləşdirilməsinə və bu sahədə diqqətin artırılmasına yönəlib".
Milli.Az