Lerikdə güclü qar evin damını uçurdu - FOTO

22 Yanvar 2026 16:18

Lerikdə güclü qar nəticəsində evin dam örtüyü uçub.

Milli.Az xəbər verir ki, hadisə Lerik rayonunun Hamarmeşə kəndində qeydə alınıb. Kənd sakini Asəf Muradova məxsus fərdi yaşayış evinin dam örtüyü qarın ağırlığına tab gətirməyərək uçub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Rayon Fövqəladə hallar komissiyasının sədri Habil Məlikov bildirib ki, Hamarmeşə kəndində qarın ağırlığına tab gətirməyib, damı uçan ev sahibkara məxsus yardımçı tikili, gözətçi evi olub. 1 otaqdan ibarət olan sözügedən ev yaşamaq üçün həmin ailəyə verilib. Görünür, tikinti işləri normaya uyğun aparılmayıb və bu hadisə baş verib. Ailə yaxınlarının evlərinə köçürülüb.

Komissiya sədri onu da bildirdi ki, ötən gecə rayon ərazisində 10 dərəcə şaxta müşahidə olunub. Hazırda qar əriməyə başlayıb. Kəndlərə elektrik enerjisinin verilişi bərpa olunub. Əhalinin sıx yaşadığı kəndlərə gedən yollar qardan təmizlənib. Lənkəran-Lerik yolu tam açıqdır.(APA)

Milli.Az