Arxeoloji abidədə qanunsuz qazıntı işləri aparan şəxslər məsuliyyətə cəlb edilib.
Bu barədə Milli.Az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət mühafizəsinə götürülmüş Lahıc və Basqal qəsəbələrinin arasında yerləşən Niyal qalası abidəsinin Qərb bürcünün ərazisində qanunsuz qazıntı işlərinin aparıldığı aşkar olunub.
Həmin dövrdən başlayaraq, Dövlət Xidməti tərəfindən ərazinin qorunması üçün nəzarət tədbirləri gücləndirilib. 2025-ci ilin fevral-mart aylarında isə yenidən qazıntı işlərinin aparıldığı müəyyən olunub. Aidiyyəti qurumlara məlumat verildikdən sonra qanunsuz əməli törədən şəxslər hadisə yerində saxlanılıblar.
Müəyyən edilib ki, Şahmalıyev Namiq Kamil oğlu və Novruzov Sabit Sədi oğlu qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, tamah niyyəti ilə dəfinə axtarmaq üçün IX-XII əsrlərə aid Niyal qalası abidəsinin Qərb bürcünün hasarı boyunca qanunsuz qazıntı işləri aparıblar. Nəticədə qalanın ön hissəsindən 5,38 metr, arxa hissəsindən isə 2 metr uzunluğunda divarı uçuraraq Niyal qalasının müşahidə məntəqəsinə qəsdən ciddi zərər vurublar.
Faktla bağlı 11 mart 2025-ci il tarixində Baş Prokurorluq tərəfindən Şahmalıyev Namiq Kamil oğlu və Novruzov Sabit Sədi oğlunun barəsində Cinayət Məcəlləsinin 246-cı maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq, 1 avqust 2025-ci ildə baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib. Hazırda məhkəmə istintaqı davam edir.
Qeyd edək ki, həmin maddənin sanksiyasına əsasən, təqsirləndirilən şəxslər iki ilədək müddətə azadlıqdan məhrum edilə bilərlər.
Milli.Az