Əmək qanunvericiliyinə əsasən, məzuniyyətdə olan işçinin işdən çıxarılması ümumilikdə mümkün deyil.
Milli.Az xəbər verir ki, bunu "Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri" mövzusunda mətbuat konfransında Xidmətin rəisi Vəli Quliyev jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, işəgötürən yalnız Əmək Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada işçini işdən çıxara bilər. Eyni zamanda, 79-cu maddədə isə bəzi hallarda işəgötürənin işçini çıxarmaq səlahiyyətinin məhdudlaşdırıldığı hallar açıq şəkildə göstərilib.
Qeyd edib ki, məzuniyyətdə olan şəxsin işdən çıxarılması sistem üzərindən mümkün deyil və işəgötürən yalnız məzuniyyət müddəti başa çatdıqdan sonra bu proseduru həyata keçirə bilər. İşdən çıxarılma ilə bağlı bütün hesablamalar işçinin işə qayıtdığı tarixdən etibarən aparılır.
Xəbərdarlıq məsələsinə toxunaraq qeyd edib ki, əgər işçi ilə müddətli əmək müqaviləsi bağlanıbsa, bu halda işəgötürən işçini ən azı bir həftə əvvəl xəbərdar etməlidir. Əmək müqaviləsinə digər maddələr üzrə xitam verilərsə, məsələn ixtisar zamanı, xəbərdarlıq müddətləri işçinin iş stajına uyğun olaraq hesablanır və qanunvericilikdə bu müddətlər dəqiq şəkildə müəyyən edilib.
Həmçinin vurğulayıb ki, məzuniyyət dövründə işçiyə xəbərdarlıq edilə bilər, lakin xəbərdarlıq müddətinin hesablanması işçinin faktiki olaraq işə çıxdığı gündən başlanır.
Cərimələrlə bağlı məsələsi ilə bağlı söyləyib ki, qanunvericiliyin pozulması halları nəzarətdə saxlanılır və aşkar edilən pozuntular üzrə işəgötürənlər məsuliyyətə cəlb olunur. Eyni zamanda, pozuntunun aradan qaldırılması ilə bağlı məcburi göstərişlər verilir. Bu göstərişlərə əməl edilmədikdə isə əlavə inzibati cərimələr tətbiq olunur.
"Həmin cərimələrin əksəriyyəti yüksək məbləğdədir və bir dəfə cərimələnən işəgötürənlərin eyni pozuntuya təkrar yol verməsi nadir hallarda müşahidə olunur, çünki bu, onlar üçün ciddi maliyyə yükü yaradır".
Mina Mikayılova
Milli.Az