İran ilk qitələrarası ballistik raketi sınaqdan keçirdi - VİDEO

22 Yanvar 2026 12:20

İran son günlər ölkə daxilində davam edən etirazlar və ABŞ prezidenti Donald Trampın sərt bəyanatları fonunda diqqətçəkən addım atıb. Tehran Rusiyanın icazəsi ilə Sibir istiqamətində təxminən 10 min kilometr mənzilli raket buraxaraq ilk qitələrarası ballistik raket sınağını həyata keçirib.

Milli.Az xəbər verir ki, məlumatlara görə, sınaqdan keçirilən raketin ABŞ-ın şərq sahillərinə, o cümlədən Nyu-York və Vaşinqtona qədər çata biləcək texniki imkanlara malik olduğu bildirilir. İran mediasında qeyd olunur ki, raketin düşmə nöqtəsi Sibirin ərazilərindən biri olub.

Lakin yayılan məlumatlar indiyədək rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Sınağın texniki xüsusiyyətləri, eləcə də dəqiq vaxtı barədə əlavə detallar açıqlanmayıb.

Analitiklər İranın bu raket sınağını həm daxili, həm də beynəlxalq təzyiqlərə cavab xarakterli mesaj kimi dəyərləndirirlər.Əgər doğrudursa, bu raket ABŞ və Avropa üçün ciddi təhlükə yarada bilər.

Xatırladaq ki, İranda 28 dekabr 2025-ci ildən etibarən iqtisadi çətinliklər, yerli valyutanın kəskin dəyər itirməsi və artan yaşayış xərcləri səbəbindən kütləvi etirazlar baş verib. Etirazlar ölkə üzrə yayılsa da, təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş verən toqquşmalar zamanı ölən və yaralananların olduğu qeyd edilir.

Fidan
Milli.Az