Qalibiyyətə görə pul mükafatı və torpaq sahələri veriləcək

22 Yanvar 2026 11:00

Futbol üzrə Seneqal milli komandasının üzvləri Afrika Millətlər Kubokunda əldə etdikləri tarixi qələbəyə görə yüksək məbləğdə bonusla mükafatlandırılacaqlar.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Seneqal Prezidenti Bassiru Diomay Fay komanda üzvləri ilə keçirilən görüş zamanı açıqlama verib. Prezidentin sözlərinə əsasən, futbolçuların hər birinə 134 min ABŞ dolları məbləğində bonus ödəniləcək.

Bununla yanaşı, milli komanda üzvlərinə ölkənin sahilyanı Petit Kot bölgəsində sahəsi 1 500 kvadratmetr olan torpaq sahələri də təqdim olunacaq. Eyni zamanda, daha az məbləğdə bonuslar və torpaq payları Seneqal Futbol Federasiyasının təmsilçilərinə, məşqçilər korpusuna və turnirdə iştirak edən nümayəndə heyətinin digər üzvlərinə veriləcək.

Xatırladaq ki, Seneqal millisi Afrika Millətlər Kubokunun final qarşılaşmasında Mərakeş yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək çempion adını qazanıb.

Hüseyn
Milli.Az