Milli İncəsənət Muzeyində “Zamanın rənglə yazılan yaddaşı: Mirzə Qədim İrəvani” adlı mühazirə keçiriləcək

21 Yanvar 2026 15:14

22 yanvar 2026-cı il tarixində saat 15:00-da  Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə mühazirə layihəsi çərçivəsində "Zamanın rənglə yazılan yaddaşı: Mirzə Qədim İrəvani" adlı mühazirə keçiriləcək.

Mühazirə AMİM-nin Elmi-tədqiqat üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Mirzə Qədim İrəvani: Zamanların qovşağında" kitabının həmmüəllifi Aytən Əhmədova tərəfindən təqdim olunacaq.

Mühazirə XIX əsr Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Mirzə Qədim İrəvaninin həyat və yaradıcılıq yoluna, onun formalaşdığı tarixi-mədəni mühitə və sənət üslubunun özünəməxsus xüsusiyyətlərinə həsr ediləcək.

Məruzəçi, həmçinin kitab üzərində aparılmış tədqiqatların əsas elmi nəticələrini bölüşərək sənətkarın əsərlərinin tarixi, bədii-estetik və simvolik qatlarını diqqətə çatdıracaq.

Sərgi zalında baş tutacaq mühazirə dinləyicilərə rəssamın yaradıcılığına daha dərin baxış imkanı yaradacaq.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az