Azərbaycanda işləyən pensiyaçı vətəndaşların pensiya kapitalından istifadəsinin dörd ildən bir olmaqla üç dəfə həyata keçirilməsi təklif edilir.
Milli.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov bugünkü iclasda deyib.
O bildirib ki, "Əmək pensiyaları haqqında" Qanuna əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq, altı ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur:
"Altı ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır. Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə bölünməklə pensiya məbləği yenidən hesablanır. İşləyən vətəndaşlarımızın pensiyasına əlavələr iki dəfə - altı ildən bir edilir. Bu o deməkdir ki, 65 yaşında pensiyaya çıxan və işləməyə davam edən vətəndaşımızın ikinci dəfə pensiyasına əlavələr 77 yaşında olunur. Əksər inkişaf etmiş ölkələrdə bu hallarda pensiya kapitalından istifadə üçün müəyyənləşdirilmiş müddət daha qısa zamanı əhatə edir. Təklif edərdim ki, "Əmək pensiyaları haqqında" Qanuna dəyişikliyə baxılsın və işləyən pensiyaçı vətəndaşlarımızın pensiya kapitalından istifadə imkanı iki dəfə altı ildən bir deyil, üç dəfə dörd ildən bir həyata keçirilsin. Bu hal işləyən pensiyaçıların topladıqları pensiya kapitalından daha səmərəli istifadəsinə və o vətəndaşlarımızın pensiyalarında daha çox artıma səbəb olar. İşləyən pensiyaçıların sayının 190 minə yaxın olduğunu nəzərə alsaq, bu dəyişikliklə xeyli sayda vətəndaşımızın pensiyası artardı".
Milli.Az