Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında əlaqələri genişləndiriləcək.
Milli.Az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2026-cı il yaz sessiyası üçün İş Planına daxil edilib.
Belə ki, yaz sessiyasında komitədə 2025-ci il avqustun 8-də Vaşinqtonda tarixi sənədlərin imzalanması ilə Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə yüksəldiyini nəzərə alaraq Azərbaycan Respublikasının Milli Məclisi ilə ABŞ Konqresi arasında əlaqələrin genişləndirilməsinə dəstək vermək məqsədilə xüsusi tədbirlərin keçirilməsi planlaşdırılır.
Komitənin 2026-cı il yaz sessiyası üçün İş Planına həmçinin aşağıdakı məsələlər də daxil edilib:
Azərbaycanın Asiya Parlament Assambleyası, ATƏT PA, AŞPA (nümayəndə heyətinin qurumda fəaliyyətini dayandırdığını nəzərə alaraq), MDB PA, NATO PA, TÜRKPA, İƏT PA, QDİƏT PA, Parlamentlərarası İttifaq, GUAM PA, Avronest PA təşkilatları ilə əməkdaşlığının inkişafının təmin edilməsi məqsədilə həmin təşkilatlarda Milli Məclisin nümayəndə heyətlərinin işinə yardım etmək;
Azərbaycan Respublikası Milli Məclisi ilə Avropa İttifaqı əməkdaşlıq komitəsinin əlaqələrinin səmərəli şəkildə fəaliyyəti ilə bağlı tövsiyələr vermək;
Türk Dövlətləri ilə əlaqələrin əhəmiyyətini nəzərə alaraq və "Bizim ailəmiz türk dünyasıdır" fikrini rəhbər tutaraq Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin parlamentləri ilə əlaqələrin gücləndirilməsi istiqamətində fəaliyyəti genişləndirmək;
Azərbaycan Respublikası Milli Məclisinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı ilə əməkdaşlığının gücləndirilməsi istiqamətində tövsiyələr vermək.
Milli.Az