Dərnəgüldə baş verən yanğın tam söndürülüb - YENİLƏNİB FOTO

21 Yanvar 2026 15:49

15:49

Yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

14:50 

Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində iki tikinti materialları mağazası və anbarı yanıb.

Milli.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəis müavini Ruslan Pirəlizadə deyib.

O bildirib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində, obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub:

"Əraziyə nazirliyin qüvvələri cəlb olunub. Yanğın nəticəsində iki ədəd sahəsi 240 kvadrat metr olan tikinti məhsulları satılan mağaza və arxasında 200 kvadrat metr sahəsi olan tikinti materialları anbarı yanıb. Digər mağazalar yanğından mühafizə olunub. Yaxınlıqdakı digər mağzalardakı materiallar çıxarılıb. Yanğın zamanı xəsarət alan olmayıb. Əsas yanan məhsullar boya məhsulları olub. Yanğının başvermə səbəbləri araşdırılır".

13:15

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Milli.Az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, havanın küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in kifayət qədər texnika və canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.

12:35

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

Mili.Az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

12:35

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yanğınla bağlı məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonu, Ziya Bünyadov prospektinin yaxınlığındakı obyektlərin birində baş verən yanğın səbəbindən metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb. 

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülür.

xxx

DİN Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

12:17

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Milli.Az