Sakinlər qurdlu su içir - Qurum isə "bizlik deyil" deyir

21 Yanvar 2026 11:10

Yevlax rayonunun Salahlı kəndində içməli su çatışmazlığı ciddi problem olaraq qalır.

Milli.Az xəbər verir ki, təxminən 3 min nəfərə yaxın əhalinin yaşadığı kəndin bir neçə küçəsində sakinlər uzun müddətdir su sarıdan əziyyət çəkirlər. İçməli su tapmaq üçün kənd sakinləri bəzən 2 kilometrədək məsafə qət etməli olurlar.

Sakinlərin sözlərinə görə, xüsusilə yağışlı günlərdə vəziyyət daha da ağırlaşır. Onlardan biri bildirir ki, palçıqlı yollar səbəbindən dəfələrlə yıxılıb, gətirilən suyun keyfiyyəti isə qənaətbəxş deyil və istifadəyə yararsız hallarla rastlaşırlar. Digər sakinlər isə aidiyyəti qurumlara müraciət edərək kənddə artezian quyusunun qazılmasını və küçələrdə istifadəyə açıq kranların quraşdırılmasını xahiş edirlər.

Məsələ ilə bağlı Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən verilən məlumata görə, subartezian quyularının qazılması qurumun səlahiyyətlərinə daxil deyil. Bildirilib ki, bu cür layihələr respublika üzrə dövlət proqramları çərçivəsində planlaşdırılaraq həyata keçirilir.

Asya
Milli.Az