Daha bir məşhur saxlanıldı

20 Yanvar 2026 23:15

Türkiyədə məşhur simalara qarşı aparılan narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib. Əməliyyat zamanı sosial media fenomeni və YouTuber Bilal Hancı da daxil olmaqla dörd nəfər saxlanılıb.

Milli.Az xəbər verir ki,İstanbul Respublika Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər İstintaq Bürosu tərəfindən aparılan təhqiqat çərçivəsində bu gün səhər tezdən İstanbulda əməliyyat keçirilib. Əməliyyat nəticəsində aşağıdakı şəxslər saxlanılıb:

Bilal Hancı (YouTuber)

Mehmet Üstündağ (Maqazin yazarı)

Abdullah Gençal

İbrahim Barut

Haqqında həbs qərarı olan digər üç şübhəlinin isə xaricdə olduğu müəyyən edilib. Saxlanılan şəxslər narkotik maddə istifadəsi ilə bağlı testlərdən keçmək üçün Məhkəmə Tibb Ekspertizasına sövq ediliblər.

Məşhurlara qarşı narkotik istintaqı ötən ilin oktyabr ayından bəri Türkiyə gündəmindədir. İstintaq çərçivəsində indiyədək çox sayda musiqiçi, menecer, iş adamı və ictimaiyyətə tanış olan şəxslərin ifadələri alınıb, onlardan qan və saç nümunələri götürülərək araşdırılıb.

Daha əvvəl bu iş üzrə bir çox şəxs məhkəmə tərəfindən həbs edilib. Həbs olunanlar arasında Ceyda Ersoy, Gizem Özköroğlu, Burak Altındağ kimi tanınmış adlar var. Model Şevval Şahin, Mert Vidinli və Kasım Garipoğlu haqqında isə axtarış qərarı çıxarılıb.

Bundan əvvəlki əməliyyat dalğasında aralarında keçmiş futbolçu və idman şərhçisi Ümit Karanın da olduğu 23 nəfər saxlanılmışdı. Məhkəməyə sövq edilən şübhəlilərdən Ümit Karan da daxil olmaqla 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilmiş, 9 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılmışdı.

Lalə Qüdrətova
Milli.Az