Trampdan böyük ifşa: Makron və Ruttenin gizli mesajlarını paylaşdı

20 Yanvar 2026 23:10

ABŞ Prezidenti Donald Tramp Davos Sammiti öncəsi beynəlxalq diplomatiyanı sarsıdan bir addım atıb. Tramp Fransa Prezidenti Emmanuel Makron və NATO Baş katibi Mark Ruttenin ona göndərdiyi özəl mesajları sosial şəbəkədə paylaşaraq, dünya liderləri arasında qapalı qapılar arxasında aparılan təmasları üzə çıxarıb.

Milli.Az xəbər verir ki, Donald Tramp Makron və Ruttenin ona göndərdiyi özəl mesajların ekran görüntülərini (screenshot) "Truth Social" hesabında yayımlayıb.

Yazışmalarda Suriya, İran, Qəzza, Ukrayna və hətta Qrenlandiya ilə bağlı mühüm məqamlar yer alıb.

Trampın paylaşdığı mesajlara görə, Fransa Prezidenti Emmanuel Makron xüsusilə Suriya və İran mövzularında Vaşinqtonla eyni fikirdə olduğunu vurğulayıb. Makronun mesajında bir məqam diqqət çəkib: o, Trampın Qrenlandiya məsələsindəki mövqeyini anlamaqda çətinlik çəkdiyini qeyd etsə də, diplomatik əməkdaşlığı artırmağa çağırıb.

Makronun mesajı:

"Dostum, Suriya mövzusunda tamamilə eyni xəttdəyik. İran məsələsində böyük işlər görə bilərik. Qrenlandiya ilə bağlı nə etdiyinizi anlamıram. Gəlin böyük layihələr quraq: Davosdan sonra cümə axşamı Parisdə G7 toplantısı təşkil edə bilərəm. Ukraynalıları, danimarkalıları, suriyalıları və rusları da dəvət edərəm. ABŞ-yə dönməzdən əvvəl Parisdə birlikdə şam yeməyi yeyək."

NATO Baş katibi Mark Ruttenin mesajı isə daha çox təriflərlə zəngin olub. Rutte Trampın xüsusilə Suriyadakı addımlarını "inanılmaz" adlandırıb və Davosdakı çıxışlarında Trampın Qəzza və Ukrayna üzrə fəaliyyətini ön plana çıxaracağını bildirib.

Ruttenin mesajı:

"Cənab Prezident, əziz Donald, Suriyada bacardıqlarınız inanılmazdır. Davosdakı media təmaslarımda sizin Qəzza və Ukraynadakı səylərinizi qabardacağam. Qrenlandiya məsələsində irəliyə doğru bir həll yolu tapmaqda qərarlıyam. Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm."

"New York Post"un xəbərinə görə, liderlər arasındakı özəl yazışmaların ifşa edilməsi xüsusilə Avropa paytaxtlarında böyük çaşqınlıq yaradıb. Bu hadisə beynəlxalq münasibətlərdə "məxfi diplomatiyanın sərhədləri" və liderlər arasındakı etimad məsələsini yenidən müzakirə obyektinə çevirib.

Lalə Qüdrətova
Milli.Az