O gün mən hardaydım?!İllər sonra qanlı faciənin yaddaşımı oyatdığı bu sual Nizami kinoteratrında izlədiyim"Kapitan və Xəzər dənizi "ilə birgə baş qaldırdı. Otuz altı il əvvələ qayıtdım.
1990-cı ilin 20 yanvar günü Füzuli şəhərində oxuduğum məktəbdə sinif yoldaşlarımızla qəribə bir gecənin uğultusundan pıçıltı ilə danışırdıq. Nə olmuşdu,niyə televizor heç nə göstərmirdi?!
Əyalət paytaxtda baş verən hadisənin miqyasından xəbərsiz, televiziya yayınının kəsilməsiylə gözündən kor,qulağından sağır olmuşdu. Amma batmış qulaq darı dəlirmiş kimi şübhəli,qorxulu bir hadisənin sorağında idi. İdi ki,19-dan 20-nə keçən gecə radio dalğalarında "Bakı qan içindədir" kəlmələri ilə fəryad qoparan "Azadlıq" radiostansiyasının Azərbaycan şöbəsində Mirzə Xəzəri silkələyən şair Bəxtiyar Vahabzadənin hayqırtısını eşitmişdi. Və o səslə də yuxumuz ərşə çəkilmişdi.
Bu xəbərin hələ ağlımızın dərk etmədiyi, gözümüzün görmədiyi bir fəhmlə sarsıntısından üşüyürdük. Soyuq yanvar gününün şaxtasından daha acı,daha kəskin şəkildə...
Qayıdaq bu günə... 36 ildə bir dəfə belə unudulmayan o günün bu ildönümünə... Şeirlər, bəstələr, ağılar, elegiyalar, nələr, nələr yazıldı. Rəsmlər,filmlər çəkildi. Yazılan, deyilən,çəkilən nə varsa hər biri özü-özünü qırmızı qərənfillərlə yola salan qəhrəman, təpərli bir xalqın böyük oyanışından danışdı. Qərənfillər "gecəni atəş ilə qırmızı dan edən" məşum hadisənin şəhidlərini ağladı. Əzizə xanım ağbirçək ana kimi azadlıq uğrunda həyatını itirən balalarını bayatılarla uğurladı.Vətən şəhid köynəyindən özünə don biçdi, daha əzəmətli, daha vüqarlı oldu. Əyilmədi, sınmadı...
Örnək göstərməyə nə çoxdur nümunə,saymaqla bitməz. Amma bu gün 36 il sonra fərqli bir məcrada animasiya dili ilə sənədlərlə danışan o filmi izlədik. "Kapitan və Xəzər dənizi".
Rejissor və ssenari müəllifi Türkan Hüseyn olan bu film həmin günlərə ithafən Xəzər gəmiçılərinin qəhrəmanlığına, cəsarətinə işıq tutdu. Günlərlə qara bayraqlar qaldırıb xalqın səsinə səsini qatan cəsur kapitan və 43 nəfərlik heyətdən danışdı.
O heyətdən ki, var gücü ilə mübarizə apardı, Xəzər dənizində fit verən gəmilərlə qara bayraq qaldırıb əliyalın, günahsız insanların matəmini diri tutdular.
Film animasiya ilə xronikanın vəhdətini daşıyırdı. Bu rejissorun yaradıcı heyətlə ortaya qoyduğu ekran işinin cazibəsi, bədii həlli idi.
Yenə 20 yanvardır. Yenə insanlar axın-axın müqəddəs Şəhidlər xiyabanını ziyarət edirlər. Yenə qərənfillər qırmızı rəngli xalı toxuyub, yerə döşəyib.
36 ildə çox şey dəyişib. Müstəqillik yolunda irəliləyən dövlətimiz güclənib, böyüyüb, böyük tarixi sınaqlardan keçib. Bu gün müqəddəs Şəhidlər xiyabanını həm də 44 günlük Zəfərin şərəfi ilə qəddimizi dik tutaraq ziyarət edirik. Ruhu şad olsun,qəhrəmanların!
Təranə Bakirqızı