Tahir Kərimli "Unikal"a zəng edərək deyib ki, hər kəs öz əməllərinə görə cavabdehdir: "Yayılan məlumatlarla bağlı bildirmək istəyirəm ki, partiyanın Abşeron rayon təşkilatının sədri bir neçə nəfərdən dələduzluq yolu ilə pul alıb. Qardaşım Fəxrəddin həmin vaxt təşkilati məsələlər üzrə sədr müavini idi. Onu mən danladım ki, bu nə məsələdir? Qardaşım dedi ki, dələduzluq edən təşkilat sədri partiyadan xaric olunub. Eyni zamanda, cinayət məsuliyyətinə cəlb olunub və məhkəmənin qərarı ilə öz cəzasını alıb.
Fəxrəddin əvvəllər rayon təşkilatlarının işlərinə baxıb, amma o demək deyil ki, dələduzluq işlərinə əli var.
Əgər qardaşımın belə əməlləri olsa, əlbəttə ki, bunu mən də bəyənmərəm. Belə bir dələduzluq əməli varsa, deməli hər iki tərəf təqsirkar və cinayətkardır. Bu, birtərəfli deyil. Kimsə pul verdiyini iddia edirsə, sübut etməlidir.
Mən təxminən bildim ki, bu məlumatlar kimlər vasitəsilə yayılıb. Çünki, partiyaya gələn bəzi adamlar var ki, onların hərəkətləri mənə xoş təəsürat yaratmır. Hazırda məni ləkələmək istəyən şəxslər vaxitlə hörmət edib yüksək vəzifələrə qoyduğum adamlardır. İndi mənim əleyhimə olan hərəkətlər edirlər", - deyə o, əlavə edib.
-----------
Sabiq deputat, Vəhdət Partiyasının qurucusu Tahir Kərimlinin qardaşı Fəxrəddin Kərimli dələduzluqda ittiham olunur.
Milli.Az unikal-a istinadən xəbər verir ki, F.Kərimli 20-yə yaxın şəxsi işə düzəltmə adı ilə aldadaraq pullarını ələ keçirib.
Qeyd edək ki, Tahir Kərimli 2025-ci ilin iyun ayında Vəhdət Partiyasının sədrliyindən ayrılıb. Onun yerinə Adəm Bakuvi sədr seçilib.
Milli.Az