Bu gün 20 Yanvardır. Bu tarix Azərbaycan xalqının yaddaşında sadəcə bir faciə kimi deyil, milli şüurun sındırılmaq istənib, əksinə möhkəmləndiyi bir gün kimi yaşayır. Bu gün hüzn günüdür. Amma bu hüzn acizlikdən doğan bir kədər deyil, dərin mənalı, düşünməyə vadar edən, insanı öz köklərinə qaytaran bir hüznüdür.
1990-cı ilin yanvar gecəsi Bakının küçələrinə yeridilən tanklar təkcə günahsız insanların canını almadı. Həmin gecə bir xalqın psixoloji sərhədləri zorla keçildi. Qorxu yaratmaq, itaət etdirmək, susdurmaq istədilər. Lakin bu zorakılıq Azərbaycan insanının daxili dirənişini daha da gücləndirdi. Qan töküldü, amma iradə sınmadı.
Psixopedaqoq kimi yanaşanda 20 Yanvar hadisələri kollektiv travmadır. Bu travma təkcə onu yaşamış insanların deyil, sonradan doğulan nəsillərin də yaddaşına köçüb. Çünki travma yalnız hadisə ilə yox, onun haqqında danışılanlarla, susulanlarla, yarımçıq qalan cümlələrlə ötürülür. Bir çox ailələrdə 20 Yanvar illərlə səssiz xatırlanıb. O sükut isə əslində ən ağır xatırlama formasıdır.
Bu gün uşaqlarımız 20 Yanvarı dərsliklərdən oxuyur. Amma biz böyüklərin məsuliyyəti yalnız faktları deyil, duyğunu da ötürməkdir. Onlara anlatmalıyıq ki, azadlıq anlayışı abstrakt söz deyil. Azadlıq gecənin qaranlığında güllə səsinə oyanan insanların qorxusu, anaların çarəsizliyi, gənclərin yarımçıq qalan arzularıdır. Azadlıq həm də bütün bunlara baxmayaraq meydanlara çıxan xalqın cəsarətidir.
20 Yanvar bizə göstərdi ki, xalqı fiziki olaraq qorxutmaq olar, amma mənəvi olaraq sındırmaq mümkün deyil. O gün insanlar ölümün qarşısına dik durdu, çünki içlərindəki azadlıq hissi qorxudan güclü idi. Bu psixoloji üstünlük sonradan müstəqilliyimizin təməl daşlarından birinə çevrildi.
Bu gün hüzn içindəyik, amma bu hüzn bizi zəifləşdirmir. Əksinə, bizi daha məsuliyyətli edir. Çünki şəhidlərin qanı ilə yazılan tarix unutqanlığı bağışlamır. Unutmaq - yenidən eyni acını yaşamaq riskidir. Xatırlamaq isə şəfa verən bir prosesdir. Ağrılı olsa da, sağaldıcıdır.
20 Yanvar həm də bizə öyrədir ki, travmalarla üzləşmək lazımdır. Onları gizlətmək, üstündən sükutla keçmək yox, anlamaq, qəbul etmək, nəticə çıxarmaq gərəkdir. Ancaq bu zaman kollektiv psixoloji sağlamlıqdan danışa bilərik.
Bu gün baş əyirik. Sükutla. Hörmətlə. Amma eyni zamanda söz veririk - unutmayacağıq. Çünki 20 Yanvar təkcə keçmişimiz deyil, gələcəyimizə qoyulmuş mənəvi mirasdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların xatirəsi yaddaşımızda ağrı ilə deyil, qürurla yaşasın.
Psixopedaqoq Sevda Əliyeva
Milli.Az