"Metropolitendə xidmət keyfiyyətinin artırılması və qatarlararası intervalın azaldılması istiqamətində işlər davamlı xarakter alıb. Hazırda texniki cəhətdən mümkün olan ən minimal interval tətbiq olunur".
Milli.Az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, metropolitendə rəqəmsallaşma prosesinə sürətli keçid başlanılıb:
"Qatarların hərəkət təhlükəsizliyini təmin edən sistemlərin optimallaşdırılması istiqamətində işlər davam etdiriləcək, dispetçer sahəsində isə artıq rəqəmsal texnologiyaların tətbiqinə start verilib".
B. Məmmədov bildirib ki, xətlərin fiziki olaraq ayrılması intervalların daha da azaldılmasında əsas hədəf kimi müəyyənləşdirilib.
Bundan əlavə söyləyib ki, "İçərişəhər" stansiyasının arxasında dönmə kamerasının inşası birbaşa intervalın azaldılmasına xidmət edəcək:
"Sürət hədlərinin optimallaşdırılması və yol təsərrüfatında görülən işlər real vaxt rejimində icra edilir".
Əlavə edib ki, mövcud infrastrukturun yenilənməsi məsələləri dövlət proqramında nəzərdə tutulub:
"Yaxın gələcəkdə görüləcək əhəmiyyətli işlər barədə ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq".
Qeyd olunub ki, əsas məqsəd sərnişinlərə göstərilən xidmət mədəniyyətinin və keyfiyyətinin yüksəldilməsidir.
Mina Mikayılova
Milli.Az