Azərbaycan Teatr Xadimləri İttifaqında rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi "Rejissor laboratoriyası"nda Anton Pavloviç Çexovun "Ayı" adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanılıb.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin tələbəsi Samirə Əşrəf, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Səhnə əsərində İncəsənət Universitetinin tələbələri Qriqori Stepanoviç Smirnov (Hüseyn Quluzadə), Yelena İvanovna Popova (Türkel Ələsgər), Anfisa (Nərmin Ağayeva) iştirak edirlər.
Gənc yaşda dul qalan Popovanın yaslı, sakit həyatı qəfildən mərhum ərinin borclu qaldığı Smirnov tərəfindən pozulur. Borcu qaytarmaq üçün Popova və qulluqçu Anfisa çıxış yolu axtarmağa çalışarkən, hadisələrin gedişatı gözlənilməz məcraya yönəlir.
Qeyd edək ki, tamaşa mart ayında Teatr Xadimlər İttifaqında təqdim olunacaq.
Milli.Az