Sənədsiz evlər problemi Azərbaycanda hələ də aktuallığını qoruyur. Ölkədə sənədsiz fərdi evlərin mövcudluğu həm sosial, həm iqtisadi, həm də hüquqi baxımdan həllini gözləyən əhəmiyyətli bir məsələ olaraq qalır.
Əmlak eksperti Elnur Fərzəliyev mövcud problemlə bağlı Milli.Az-a müsahibə verib:
- Elnur müəllim, hazırda ölkədə sənədsiz evlərlə bağlı vəziyyət necədir?
- Hazırda ölkə ərazisində yüz minlərlə sənədsiz fərdi yaşayış evi mövcuddur. Bu evlərin böyük hissəsi paytaxt Bakı və Abşeron yarımadasının payına düşür. Təkcə Bakı və Abşeron ərazisində təxminən 500 minə yaxın çıxarışsız fərdi yaşayış evi və torpaq sahəsi var.
- Bu problemin tarixi kökləri nəyə dayanır?
-Çıxarışsız fərdi yaşayış evlərinin bir hissəsi Sovetlər dönəminə təsadüf etsə də, böyük bir hissəsi 90-cı illərdən sonra formalaşıb. Sovet dövründə Bakının mərkəzində, xüsusilə Yasamal, Alatava, Sovetski, Papanin kimi ərazilərdə yaşayış məntəqələri olsa da, sakinlərə çıxarış verilmirdi. 90-cı illərdən sonra Kolxoz və sovxozların ləğvi ilə torpaq sahələri insanlara ayrılmağa başladı. 2000-2007-ci illərdə isə Bələdiyyələr tərəfindən fərdi yaşayış evlərinin inşası üçün torpaqlar ayrıldı ki, onların da bir çoxu bu günə qədər çıxarışla təmin olunmayıb.
- Bəs bu evlərə çıxarışın verilməməsinin əsas səbəbləri nələrdir?
- Birinci əsas səbəb torpağın təyinatı ilə bağlıdır. Ev yaşayış məqsədilə istifadə edilsə də, sənədlərdə torpaq kənd təsərrüfatı, əkin və ya digər təyinatlı kimi göstərilir.
İkinci səbəb neft torpaqlarıdır. Xüsusilə Abşeron ərazisində bəzi sahələr gələcəkdə neft hasilatı ehtimalı olan torpaqlar kimi qeydiyyata alınıb.
Üçüncü səbəb isə tikinti normativlərinin pozulmasıdır. Evlər bir-birinə çox yaxın və təhlükəli şəkildə, həyətyanı sahə olmadan tikilib.
- Sənədsiz evlərin iqtisadi və sosial fəsadları nələrdir?
- Bu cür evlərdə ən ciddi problemlərdən biri qiymət fərqidir. Sənədli və sənədsiz evlər arasında bazarda kəskin qiymət fərqi yaranır. Bu, həmçinin torpaq sahələrində də belədir. Sənədsiz evlərin sayının çox olması vətəndaşların mülkiyyət hüquqlarının tanınmaması ilə barəbər həmçinin dövlət büdcəsini bu sahədən gələ biləcək külli miqdarda gəlirlərdən məhrum edir. Yəni, bu əmlaklar çıxarışla təmin olunarsa, həmin əmlaklar torpaq və əmlak vergisinə cəlb olunur. Başqa tərəfdən bu əmlaklar sığortalana bilir.
Bundan əlavə, sənədsiz evlər ipoteka yolu ilə satıla bilmir. Ölkənin böyük şəhərlərində, xüsusilə də Bakı, Abşeron, Xırdalan və Sumqayıt şəhərində daşınmaz əmlakların satış qiymətləri kəskin bahadır. Lakin çıxarışsız fərdi yaşayış evlərinin satış qiymətləri çox ucuzdur. Əgər bu əmlaklar çıxarışla təmin olunarsa, vətəndaşlar həmin ucuz evləri müxtəlif növ kreditli şərtlərlə, xüsusən ipoteka ilə əldə edərlərsə, ilkin ödənişləri az olar və aylıq ödənişləri minimum olar. Bu da mənzilə ehtiyacı olan insanların ev problemlərini aradan qaldırmış olar.
Hüquqi baxımdan da ciddi çətinliklər mövcuddur. Çıxarışı olmayan əmlaklar miras bölgüsü, boşanma və digər məhkəmə proseslərində problemlər yaradır.
- Problemin həlli ilə bağlı nə demək olar?
- Bu tip əmlakların çıxarışla təmin olunması olduqca vacibdir. Bu addım həm vətəndaşların mülkiyyət hüquqlarının tanınmasına, həm də ölkə iqtisadiyyatının inkişafına və dövlət büdcəsinin gəlirlərinin artmasına mühüm töhfə verə bilər.
Mina Mikayılova
Milli.Az