Abşeron rayonunun Qobu qəsəbəsində yolların bərbad vəziyyətdə olması yerli sakinlərin ciddi narazılığına yol açıb.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda yağıntılı havalarda küçələrin palçıq içində qaldığı, iri gölməçələrin yarandığı aydın görünür. Bu vəziyyət həm avtomobillərin hərəkətini çətinləşdirir, həm də piyadalar üçün ciddi problem yaradır.
Sakinlər bildirirlər ki, bəzi ərazilərdə çıxılmaz vəziyyətdən qurtulmaq üçün öz hesablarına müəyyən müvəqqəti tədbirlər görüblər. Lakin onların sözlərinə görə, məsul qurumlar uzun müddətdir ki, problemin həlli istiqamətində real addım atmır.
Məsələ ilə bağlı Abşeron Rayonu İcra Hakimiyyətindən verilən açıqlamada qeyd olunub ki, söhbət Səməd Vurğun və Səməd Ağamalıoğlu küçələrindən gedir.
Bildirilib ki, həmin ərazilərdə kommunal qurumlar tərəfindən təmir işləri aparılıb və hazırda hava şəraitinin normallaşması gözlənilir. Yağışlı günlər başa çatdıqdan sonra küçələrə asfalt örtüyünün salınması planlaşdırılır və yollar əvvəlki vəziyyətinə qaytarılacaq.
Asya
Milli.Az