Cəlilabadda ağır onkoloji xəstəyə yaxın duran yoxdur - Bir gün xəstəxanada saxlayıb geri qaytarıblar

19 Yanvar 2026 15:40

Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 1972-ci il təvəllüdlü Həsənov Sücayət Sabir oğlu ağır onkoloji xəstəlikdən əziyyət çəkir. Kimsəsiz olan Sücayət Həsənov yaşayacaq evi və ona baxacaq yaxın qohumu yoxdur.

Milli.Az xəbər verir ki, bir müddət əvvəl rayon xəstəxanasında əməliyyat olunan Sücayət Həsənov stasionar müalicədən sonra buraxılıb və gedəcək yeri olmadığı üçün küçələrdə qalıb.

Qış mövsümündə sığınacaq tapa bilmədiyindən kənddəki məscidlərdən birinə yerləşib. Kənd sakinləri onu gündəlik ərzaq və yorğan-döşəklə təmin ediblər.

Məsələ ictimailəşdikdən sonra Cəlilabad Rayon İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyinin nümayəndələri Sücayəti məsciddən təxliyə edərək xəstəxanaya yerləşdiriblər. Lakin o, cəmi bir gün xəstəxanada saxlanıldıqdan sonra yenidən məscidə qaytarılıb.

Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinə sorğu göndərilib. Qurumdan məsələnin araşdırıldığı bildirilib.

Mina Mikayılova
Milli.Az