Bu gün mediada hüquq-mühafizə orqanları Ümid Partiyasının mərkəzi qərargahında əməliyyat keçirməsi ilə bağlı xəbərlər tirajlanıb.
Milli.Az xəbər verir ki, iddialara əsasən, əməliyyat zamanı Elnur adlı şəxs partiya sədri İqbal Ağazadənin kabinetində həbs edilib. Adıçəkilən şəxsin Ümid sədrinin dostu və həmyerlisi olduğu bildirilib.
Məsələ ilə bağlı Azərbaycan Ümid Partiyasından qeyd edildi ki, "gununsesi.info" saytında gedən "Ümid Partiyasında əməliyyat" başlıqlı yazıya təəssüf edirik:
"Bildiririk ki, saytın rəhbəri Pərviz Həşimli ilə partiya sədrinin danışması və müfəssəl informasiya verilməsinə baxmayaraq, sensasiya xətrinə belə bir başlıq seçilib.
17.01.2026-ci ildə Ümid Partiyasının 150 m məsafəsində yerləşən "Şəkərbala" uşaq bağçasının qarşısında axtarışda olan şəxs polis işçiləri tərəfindən saxlanılıb. Xeyli polis işçisinin toplandığı yerə Ümid Partiyasının sədri yaxınlaşıb və hadisənin mahiyyətini soruşub. Ona cavab olaraq bildirilib ki, axtarışda olan şəxslə bağlı tədbirdir. Sədr polislərə uğurlar arzulayıb və qərargaha dönüb.
Ümid Partiyasının qərargahında, sədrin otağında, partiyaya aid ərazidə nə kimsə saxlanılıb, nə də axtarış aparılıb".
Məlumat üçün bildirək ki, partiyanın ofisində əməliyyat aparılması, Elnur adlı şəxsin partiya sədri İqbal Ağazadənin kabinetində həbs edilməsi ilə bağlı məlumatı Gununsesi.info saytı yaymışdı.
Aysel Əkbər
Milli.Az