Psixoloqlar bildirir ki, valideynlərin gündəlik danışıq tərzi uşağın şəxsiyyətinin formalaşmasında həlledici rol oynayır.
Milli.Az xəbər verir ki, uşağın yanında işlədilən bəzi ifadələr onun təhsilə, ailəyə və öz gələcəyinə baxışını mənfi istiqamətdə dəyişə bilər.
Müəllim haqqında mənfi danışmayın
Mütəxəssislərə görə, valideynin müəllimi tənqid etməsi uşağın müəlliminə olan hörmətini azaldır. Müəllimini sevməyən və ona etibar etməyən uşaqdan səmərəli təhsil gözləmək çətindir.
Həyat yoldaşınızı uşağın yanında tənqid etməyin
Valideynlərdən birinin digərini uşağın yanında dəyərsizləşdirməsi ailə bağlarına ciddi zərər vurur. Bu davranış uşağın valideynlərə olan güvən hissini sarsıda bilər.
Ailə böyükləri barədə mənfi sözlər deməyin
Nənə, baba və digər ailə üzvləri haqqında pis danışmaq uşağın ailə kökləri ilə bağ qurmasına mane olur və hörmət anlayışını zəiflədir.
Oxumaq və öyrənməyə qarşı ifadələrdən çəkinin
"Oxusan nə olacaq?" kimi cümlələr uşağı təhsildən uzaqlaşdıra, öyrənməyə marağını azalda bilər. Mütəxəssislər valideynləri təhsili daim təşviq etməyə çağırır.
Maddi problemləri tez-tez dilə gətirməyin
Ailənin maliyyə çətinliklərinin uşağın yanında tez-tez müzakirə edilməsi onda gələcək qorxusu və daimi narahatlıq yarada bilər.
Psixoloqlar vurğulayır ki, valideynlərin sözləri uşağın daxili dünyasında uzunmüddətli iz buraxır. Buna görə də uşağın yanında istifadə olunan ifadələrə xüsusi diqqət yetirilməlidir.
Fidan
Milli.Az