Türkiyə XİN Suriyada əldə olunan atəşkəsə münasibət bildirib

19 Yanvar 2026 00:40

Türkiyə Xarici İşlər Nazirliyi Suriya hökuməti ilə YPG/SDG qruplaşması arasında əldə olunmuş atəşkəs razılaşması ilə bağlı yazılı bəyanat yayıb. Bəyanatda Suriyanın birliyinə, ərazi bütövlüyünə və terrorla mübarizəyə vurğu edilib.

Milli.Az xəbər verir ki, nazirliyin açıqlamasında qeyd olunub ki, Suriyada sabitliyin bərpası üçün hər kəs sahədəki vəziyyəti düzgün qiymətləndirməlidir:

"Sahədəki reallıqların dərk edilməsi ilə birlikdə, Suriyanın gələcəyinin terrordan və parçalanmadan deyil; bərabərlik, bütövləşmə və inteqrasiyadan keçdiyinin ölkədəki bütün qruplar və fərdlər tərəfindən tam mənasıyla anlaşıldığına ümid edirik".

Bəyanatda həmçinin Suriyadakı yeni dövrün regionun təhlükəsizliyi üçün əhəmiyyəti vurğulanıb:

"Türkiyə, Suriya hökumətinin xalqın iradəsinə əsaslanan, əhatəli və birləşdirici bir idarəetmə anlayışı ilə həyata keçirdiyi terrorla mübarizə səylərini və ölkənin yenidən qurulması istiqamətindəki işlərini dəstəkləməyə davam edəcək".

Bu razılaşmanın həm Suriya xalqı, həm də qonşu ölkələr başda olmaqla bütün bölgənin hüzuruna töhfə verməsi arzulanıb.

Suriya ordusunun əməliyyatlarından sonra əldə olunan bu razılaşmaya əsasən:

Bütün cəbhə xətlərində hərbi əməliyyatlar dayandırılıb.

SDG qüvvələri Fəratın şərqinə çəkilməyə başlayır.

Deyrizor və Rakka vilayətləri hərbi və inzibati cəhətdən tamamilə Suriya hökumətinə təhvil verilir.

Həsəkə vilayətindəki mülki qurumlar dövlət strukturlarına birləşdirilir.

Bölgədəki bütün sərhəd qapıları, neft və təbii qaz yataqları Suriya dövlətinin nəzarətinə keçir.

Lalə Qüdrətova
Milli.Az